Şəmkir məktəblərində müəllimlərdən pul yığımı davam edir

Artıq bir müddətdir Şəmkir rayonu təhsil şöbəsindən edilən şikayətlərin ardı-arası kəsilmir.
Təhsil Nazirliyinin binası
Təhsil Nazirliyinin binası

"Şəmkir rayon  təhsil şöbəsi bizi hədələyərək pul tələb edir". Bu sözləri ANS PRESS-ə rayonun müxtəlif məktəblərində sözügedən məsələ ilə bağlı şikayət edən müəllimlər deyirlər.

Artıq bir müddətdir Şəmkir rayonu təhsil şöbəsindən edilən şikayətlərin ardı-arası kəsilmir. Bu mövzuya bir dəfə toxunsaq da çoxsaylı şikayətlər yenidən bu problemin araşdırılmasını zəruri edir.

Adlarının açıqlanmasını istəməyən şikayətçilərin sözlərinə görə, rayonun mərkəzi məktəblərində müəllimlərdən hər dərs saatına görə 5 manat, kənd məktəblərində isə 8 manatdan pul tələb edilir. Əks halda müəllimləri hədələyirlər ki, onlar müxtəlif bəhanələrlə, jurnalda səhv buraxmaları bəhanəsilə işdən uzaqlaşdırıla bilərlər. Məhz bu səbəbdən şikayətçilər adlarının çəkilməsini istəmirlər.

Onlara məktəb direktorları tərəfindən bildirilib ki, jurnallar yoxlanılarsa, daha çox pul vermək məcburiyyətində qalacaqlar. Yaxşısı budur, jurnal yoxlanmamış öz paylarına düşən məbləği versinlər.

"Direktorlar bizə təhsil şöbəsinin dediklərini çatdırır. Elə müəllim var ki, saat miqdarını hesablayanda onun payına 200 manat düşür. Hamıdan da mütləq təcili pulu çatdırmağı tələb edirlər. Hər kəs pərişan haldadır. Çünki sözlərini müvafiq qurumlara çatdıra bilmirlər", - deyə müəllimlər bildirib.

Təhsil Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələyə münasibət bildirib. O, tez bir zamanda məsələni araşdıracaqlarını və lazımi tədbirlərin görüləcəyini bildirib.

Bu, Şəmkirdə müəllimlərdən pul yığılması ilə bağlı artıq ikinci şikayətdir. Daha əvvəl şəmkirli müəllimlərdən əmək haqları çox verildiyinə görə onlara təqdim olunan məbləğlər geri istənilmişdi. Şəmkir rayon təhsil şöbəsindən ANS PRESS-ə bu faktı təsdiqləyiblər. Şöbənin baş mühasibi Arzu Əmiraslanov bildirib ki, belə bir hal var, amma müəllimlərdən 150-180 manat deyil, cəmi 30-50 manat pul istənilib.

"Müəllimlərə deyilib ki, ya özləri bu məbləği versinlər, ya da maaşlarından tutulacaq. Buna səbəb 2014-cü ildə müəllimlərin məzuniyyətinin orucluq ayına düşməsi ilə bağlıdır. Yəni məzuniyyət bayrama düşdüyündən prezidentin sərəncamı ilə onlara daha iki gün ödənişsiz məzuniyyət verilməliydi. Biz isə onlara iki günün yerinə əməkhaqqı ödəmişik və indi onu geri qaytarırıq", - deyə Arzu Əmiraslanov bildirib.

 

Şərhlər