Bu gün buraxılış imtahanları keçiriləcək

Toplam 47 mindən artıq şagird biliyini nümayiş etdirəcək.
Şagirdlər imtahanda
Şagirdlər imtahanda

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseyin IX və XI siniflərdə təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

ANS PRESS-in məlumatına görə, ümumilikdə 47 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlayacaq.

Şagirdlər imtahana "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı gətirməlidirlər.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2 273 nəzarətçi-müəllim ayrılıb.

 

Şərhlər