Ölüm qorxusu altında dərs

"Vəsait ayrıldıqca bu məsələlər həllini tapacaq".
Quba rayon Qırız kənd orta məktəbi
Quba rayon Qırız kənd orta məktəbi

Bir müddət əvvəl Quba rayonunda bərbad vəziyyətdə olan orta məktəbin sosial şəbəkələrdə yayılmış fotosu böyük müzakirələrə səbəb olub. ANS PRESS məsələni araşdırıb və adı çəkilən rayonda, həqiqətən, belə bir məktəbin olması üzə çıxıb. 

Sinifdə cəmi 4 parta və 7 şagird var.

Məktəb anlayışından uzaq olan fotoda təsvir olunan yer rayonun Qırız kəndində yerləşir. Bu müəssisənin "sinif otağı"nın tavanındakı şalbanlar açıq-aşkar görünür, divarları, döşəməsi uçuq vəziyyətdədir. Şagirdlərin otaqda üst geyimi və papaqla oturmasından aydın bilinir ki, burada istilik sistemindən söhbət belə gedə bilməz. Bundan başqa, otaqda cəmi 4 parta var ki, bunun da biri müəllimin, digər üçü şagirdlərindir. Şagirdlər parta çatışmazlığından üç-üç oturublar, bu da onlar üçün çətinlik yaradır, xüsusən, yazı yazarkən.

Quba rayon Qırız kənd ümumi orta məktəbi
Quba rayon Qırız kənd ümumi orta məktəbi

Təəssüf ki, bu şəraitdə məktəb ancaq Qubanın Qırız kəndində deyil.  Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin tapşırığına əsasən, respublikanın ümumtəhsil məktəblərinin texniki vəziyyətinin araşdırılması ilə əlaqədar aparılmış monitorinqin nəticələrinə görə, adı çəkilən məktəb də daxil olmaqla ölkəmizdə 30-a yaxın məktəbdə təmir-tikinti işlərinin aparılmasına ehtiyac var.

"Məktəblərdə təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən vəsait ayrıldıqca bu məsələlər mərhələlərlə öz həllini tapacaq", - deyə nazirlikdən bildiriblər. 

Ötən il də rayon məktəblərinin həddən artıq bərbad vəziyyətdə olması ilə bağlı çoxlu sayda şikayətlər olunub. Onlardan biri də İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbi olub. Bu tədris ocağında dərs keçənlər daim təhlükə altında olublar. Amma ötən il sentyabrın 17-si ANS PRESS bu məsələni işıqlandırdıqdan sonra məktəb təmir olunub.

Bu cür şəraitdə təhsil alan şagirdlərin gələcəkdə yüksək nəticə əldə etməsi də şübhə doğurur. Halbuki onlar arasında gələcəyin alimi ola bilər. Sadəcə ona təhsil almağı üçün imkan yaratmaq lazımdır.

Belə problemlərin hələ də mövcud olduğu bir vaxtda Azərbaycanda təhsil sisteminin sürətli inkişafından danışmaq çətindir. 

Nəinki tədrisin, içərisində olmağın belə təhlükəli olduğu bu məktəblər Azərbaycanda təhsil sisteminin inkişafına deyil, əksinə geriləməsinə gətirib çıxara bilər.