Aprel döyüşlərinə görə 3 rayonun məktəbliləri imtahandan azad edildi

Yekun qiymətlər illik qiymətlər əsasında veriləcək.
Dağıdılmış Azərbaycan məktəbi
Dağıdılmış Azərbaycan məktəbi

Aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə əlaqədar üç rayonun bəzi məktəblərinin şagirdləri buraxlış imtahanlarından azad ediliblər. 

ANS PRESS-in məlumatına görə, döyüşlərdən sonra Ağdam, Goranboy və Tərtər rayonlarında cəbhə bölgəsinə yaxın yerləşən bəzi məktəblərdə tədris prosesi pozulub. Yaranmış vəziyyət nəzərə alınaraq Təhsil Nazirliyinin təklifi və Nazirlər Kabinetinin razılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Ağdam rayonu üzrə 23, Tərtər rayonu üzrə 21, Goranboy rayonu üzrə isə 5 məktəbin IX və XI siniflərində təhsil alan, ümumilikdə 1652 şagirdi buraxılış imtahanlarından azad edilib.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən məzunlar isə buraxılış imtahanında mütləq iştirak etməlidirlər.

Buraxılış imtahanlarından azad olunmuş cəbhə bölgəsinə yaxın məktəblər və onların məzunlarının sayı haqqında məlumatları buradan əldə edə bilərsiniz.

2015/2016-cı tədris ilində 1153 şagird isə sağlamlıq imkanları məhdud olduğu üçün rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə buraxılış imtahanlarından azad olunub.

Bu məzunların da ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.

Səhhətinə görə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə tanış ola bilərsiniz.

 

Şərhlər