Bakı metrosunda sərnişinlərin sayı azalıb

Ötən ilə nisbətən sərnişinlərin sayı 2,8% aşağı düşüb.
Bakı metrosu
Bakı metrosu

Bu ilin yanvar-aprel ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb. ANS PRESS-in məlumatına görə, Dövlət Statistika Komitəsindən əldə olunan məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 71,8 milyon nəfər olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azdır. Yəni ötən ilin eyni dövründə metrodan təxminən 73,8 milyon nəfər istifadə edib. 

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərovun fikrincə, nəinki metroda, ümumiyyətlə paytaxt Bakıda insanların sayında azalma müşahidə olunur. Bu da nəqliyyatdan istifadə edən sərnişinlərin sayında özünü büruzə verir.

"Son bir neçə ayda metro sərnişinlərinin sayının digər illərə nisbətən azalmasına iki amil səbəb ola bilər. Bunlardan biri bir çox metro giriş-çıxışlarında "Bakubus" avtobuslarının istifadəyə verilməsidir. İnsanlar bir neçə nəqliyyat vasitəsindən istifadə etməkdənsə, bir avtobusla istədikləri yerə çatmağa daha çox üstünlük verirlər".

Nəqliyyat üzrə ekspert hesab edir ki, metroda sərnişinlərin azalmasına səbəb olan digər amil rayonlardan paytaxta gələn işçi qüvvəsinin devalvasiyadan sonra yenidən geri qayıtmasıdır. Onların evlərinə dönməsi metro istifadəçilərinin sayını azaldıb.

Natiq Ələkbərov manatın dəyərinin aşağı düşməsindən sonra paytaxtda maşınların sayının da azaldığını vurğuladı. Onun sözlərinə görə, artıq Bakıda əvvəlki kimi intensiv tıxaclar müşahidə olunmur. 

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, sərnişinlərin sayında azalma varsa, bu, metronun işi ilə əlaqədar deyil. Qurum rəsmisinin sözlərinə görə, onlar həmişə olduğu kimi, bu il də metroda kifayət qədər işlər görüblər, hətta bu il yeni "Avtovağzal" stansiyası da istifadəyə verilib. 

Nəsimi Paşayev -  Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri
Nəsimi Paşayev - Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri
 

Şərhlər