Nəqliyyatda nağd ödəniş ləğv olunur, sürücülər qəpik götürməyəcək

Yeni ildən Bakıda fəaliyyət göstərən avtobuslar kartla ödəniş sisteminə keçə bilər.
Yeni ildən Bakıda Nəqliyyat Nazirliyinin balansında fəaliyyət göstərən avtobuslar kartla ödəniş sisteminə keçə bilər.

Bu sözləri ANS PRESS-ə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, sərnişindaşımanın kart sisteminə keçirilməsi ilə bağlı təkmilləşdirmə işləri aparılır.

O qeyd etdi ki, avtobusların sayı çox olduğu üçün proses bir az ləng gedir: "Bakıda 2 min 300-ə yaxın avtobus fəaliyyət göstərir. Nəqliyyat Nazirliyinin balansında isə 2 minə yaxın avtobus var. “Baku Bus” avtobusları hazırda “Bakı Kart” sistemi ilə işləyirlər. Hələ ki onların avtobusları azdır. Şəhər sərnişindaşımasında digər avtobuslar da kart sisteminə keçiriləcək. Nəqliyyat Nazirliyinin balansında olan avtobusların kart aparatlarına proqram təminatı yazılmalıdır”.

Namiq Həsənovun sözlərinə görə, hazırda avtobuslarda quraşdırılan kart aparatlarının yeniləri ilə əvəzlənməsi nəzərdə tutulmur.


Namiq Həsənov - Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri


Hazırda Bakıda kartla ödəniş yalnız Bakı Metropolitenində və “Baku Bus” avtobuslarında tətbiq olunur.

“Bakı Kart” layihəsinin rəhbəri Ceyhun Əliyev də ANS PRESS-ə açıqlamasında bildirdi ki, “Bakı Kart” aparatları sərnişindaşıma şirkətlərinin müraciətləri əsasında bütün avtobuslara quraşdırıla bilər.

“Bakı Kart” layihəsi təkcə “Baku Bus” avtobusları üçün nəzərdə tutulmayıb. Biz Bakıda sərnişindaşıma xidməti göstərən bütün şirkətlərdə kart sistemini tətbiq etməyi və genişləndirməyi düşünürük. Amma bu iş hələ tam başa çatdırılmayıb".


Ceyhun Əliyev - “Bakı Kart” layihəsinin rəhbəri


Azərbaycanda sərnişindaşımada “Bakı Kart”dan istifadə ilk dəfə Bakı Metropolitenində tətbiq edilib. “Bakı Kart” bu ilin avqust ayının 6-dan istifadəyə verilib. Metroda “Bakı Kart”dan ödəniş vasitəsi kimi istifadəyə tam keçid sentyabrın 30-da yekunlaşıb. Daha sonra “Baku Bus” MMC-yə məxsus avtobuslarda kart sistemi tətbiq edilib.