Təhsil Nazirliyi "Son zəng"i məhdudlaşdırdı

Bu gün 88 min 591 şagird üçün son zəng çalınacaq.
Son zəng (arxiv)
Son zəng (arxiv)

Bu gün Azərbaycanda dərs ili başa çatır. Bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 2015-2016 tədris ilində ümumi təhsil müəssisələrini 200 minə yaxın şagird bitirir. Növbəti dərs ilində isə orta məktəblərin I siniflərinə 164 mindən çox şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil naziri Mikayıl Cabbarov "Son zəng" tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən "Son zəng" tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunur.

Ümumi təhsil müəssisələrinin  IX siniflərini 110 min 222, XI siniflərini 88 min 591 şagird bitirir.

"Formula-1" yarışı ilə əlaqədar Təhsil Nazirliyinin razılığı ilə Bakının bəzi məktəblərində "Son zəng" tədbirlərinin vaxtı dəyişdirilib. Bəzi təhsil komplekslərində iyunun 13-də keçirilib. Buna səbəb Bakı şəhərində keçiriləcək Avropa Qran-Prisidir.

"Son zəng" günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq. "Son zəng" ilə əlaqədar Bakı Şəhəri Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.

Məktəbi bitirən məzunlar Dənizkənarı Milli Parka buraxılmayacaq. Bu gün Bakı şəhərində keçiriləcək "Formula 1" yarışlarının test mərhələsi ilə əlaqədar olaraq Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti tamamilə bağlanacaq.

Bakı Halqasının xəritəsi
Bakı Halqasının xəritəsi
 

Şərhlər