Bu gün ölkə üzrə ümumtəhsil məktəblərində buraxılış - "Son zəng" günüdür. Məhz bu gün minlərlə şagird məktəbə əlvida deyərək müstəqil həyata qədəm qoyur.
ANS PRESS Badamdar qəsəbəsində 236 nömrəli məktəbdə də “Son zəng” tədbirinində iştirak edib. Məktəbin direktoru Xanlar İmaməliyev məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Onun sözlərinə görə, bu il kompleksi 171 şagird bitirib. Direktor məzunlardan yüksk nəticələr gözlədiklərini də deyib.
Tədbirdə valideynlər, məktəb kollektivi ilə yanaşı, Səbail rayon İcra Hakimiyyəti, bələdiyyə və Təhsil Nazirliyinin əməkdaşları da iştirak edib.
Əyləncənin, "Son zəngin" dadını ən çox çıxaranlar isə, heç şübhəsiz ki, günün qəhrəmanları - 11-cilər olub. "Bir dəfə bütün sinfimiz dərsdən qaçmışdı. Ona görə valideynləri iclasa çağırdılar. Biz də valideynlər gəlib sinifdə otura bilməsinlər deyə, bütün partalara, döşəməyə, divarlara sarımsaq sürtmüşdük. Amma istəyimiz baş tutmadı, iclas başqa otaqda oldu və valideynlər bizə daha şiddətli töhmət verdilər", - deyə onlar 11 ildə başlarına gələn ən maraqlı hadisələrdən birini də danışıblar.
Səhər saatlarında başlayan tədbir, sonradan əyləncə, konsert ilə elə məktəbin ərazisində davam edib.