Bakı məktəblərində “sağlam təhsil" sinifləri yaradılır

"Sağlam təhsil" layihəsi Bakıda 33, Sumqayıtda 1 məktəbdə tətbiq olunur.
"Sağlam təhsil" sinfi
"Sağlam təhsil" sinfi

Azərbaycanda ənənəvi təhsil sistemi get-gedə öz aktuallığını itirir. ANS PRESS-in məlumatına görə, buna səbəb iki il öncə Təhsil Nazirliyi tərəfindən yaradılan “sağlam təhsil" siniflərinin bu gün həm şagird, həm valideyn, həm də müəllimlər tərəfindən müsbət qarşılanmasıdır.

"Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində yaradılan bu sinifləri digər siniflərdən fərqləndirən cəhətləri görmək üçün biz də yollandıq Bakıda yerləşən məktəblərdən birinə. Araşdırmalarımız nəticəsində bəli oldu ki, hazırda Bakıda 33, Sumqayıtda 1 məktəbdə bu pilot layihə həyata keçirilir. Onlardan biri də M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdir.

"Rusiyada bu layihə 5 il ərzində 3000 məktəbdə tətbiq edilib və ciddi nəticələr əldə olunub"

Məktəbin direktoru Rəna Süleymanova deyir ki, artıq ikinci ildir 18 nömrəli məktəbdə “sağlam təhsil" sinifləri  təsis edilir. Direktorun sözlərinə görə, Təhsil Nazirliyi bu pilot layihəni onların məktəbində tətbiq etmək təklifini verdikdə Rəna Süleymanova əvvəlcə tərəddüd edib:

“Mənə layihə haqqında məlumat veriləndə, sinfin tərtibatı ilə tanış olanda düşündüm ki, bu, şagirdlər, valideynlər və müəllimlər tərəfindən müsbət qarşılanmayacaq. Düzü, özüm də bəzi hallarda şagirdlərin dərsdən çox otaqda olan ləvazimatlarda fikirlərinin qaldıqlarını fikirləşirdim. Amma “sağlam təhsil" siniflərində oxuyan şagirdlərin bu gün adi siniflərdə oxuyan şagirdlərdən fiziki baxımdan daha çox inkişaf etməsi, onların dərslərdə aktiv olması, məktəbə sevinclə gəlməsi bu sinifləri seçməkdə yanılmadığımı bir daha göstərdi”.

18 nömrəli məktəbin direktoru Rəna Süleymanova
18 nömrəli məktəbin direktoru Rəna Süleymanova

Rəna Süleymanova “sağlam təhsil" siniflərini gömək və orada tədris prosesini izləmək üçün bizi adıçəkilən otaqlara apardı. Məktəbdə biri rus, biri Azərbaycan bölməsi olmaqla, iki sinifdə “sağlam sinif” layihəsi həyata keçirilir.

"Sağlam təhsil" sinfi yalnız 24 şagird üçün nəzərdə tutulub"

“Sağlam sinif” otağına girər-girməz onun görməyə öyrəşdiyimiz adi siniflərdən nə qədər fərqli olduğunu öz gözlərimizlə gördük. Otaq küncsüz idi. Bəli, bəli… Küncsüz otaq. Əslində, bunu sözlə dedikdə, mən də başa düşməmişdim və küncün olmamasının şagirdlərə nə kimi təsirini anlamırdım. Sən demə, otağın künclərinin dairəvi olması və orada təsvir olunan ağaclar, quşlar, buludlar sinifdə sərbəst mühit yaradır, bunun sayəsində də uşaq özünü fərqli məkanda hiss edir.

“Sağlam sinif”də 12 oturaq parta, 12 ayaqüstü parta var. Bu da o deməkdir ki, həmin siniflər yalnız 24 şagirddən ibarətdir. Partalar hər bir şagirdin boyuna uyğun tənzimlənir, yazı-oxu rejimi üçün mailliliyi təmin edilir. Otaqda üç yerdə didaktik asqılar gördük. Buna səbəb otaqda daim didaktik materialların asılması və onların tez-tez dəyişdirilməsi ilə şagirdlərin təlim materiallarına alışqanlığının qarşısını almaq və resursları davamlı yeniləməkdir. Tavanda göz əzələlərini və dayaq-aparat hərəkətini məşq etdirmək üçün xüsusi sxemlər çəkilib. Otağın işıqlandırılması təbii günəş işığına yaxındır. Pərdələr divar rənginə yaxın rəngdədir. Lövhə həm yaxın, həm də uzaqda oturan şagirdin yaxşı görməsi üçün düzgün məsafədən ölçülərək qoyulub. Otaqda əlyuyan, idman pilləkəni, güzgü, “sağlam təhsil vaxt pultu”, şagirdləri qiymətləndirmək üçün həvəsləndirici “fəalsan”, "bu gün ən yaxşı sənsən” və s. kimi tablolar var.

Pult vasitəsilə hər 15 dəqiqədənbir oturan şagird yerini ayaqüstə duran şagirdlə dəyişir. Yerdəyişmə prosesində şagirdlərə fikirlərini yayındırmaq və əqli yorğunluqlarını aradan qaldırmaq üçün iki dəqiqəlik məşğələlər keçilir. Otağın dörd bir tərəfində olan və üzərində müxtəlif əşya və heyvan şəkilləri əks olunan işıqlar yanır, şagird hansı işığın yandığını cəld tapmalı və əl çalaraq onu bildirməlidir. Digər iki dəqiqəlik istirahətdə şagirdlər tavanda olan sxemlərdəki eyni rəngləri əlləri ilə göstərməlidirlər. Bütün bu hərəkətlərin nə məna daşıdığına isə ATU-nun uşaq və yeniyetmələrin gigiyena kafedrasının dosenti Şəhla Babayeva aydınlıq gətirdi.

Onun sözlərinə görə, bütün bu hərəkətlər uşaqların görmə əzələləri ilə yanaşı, onların dayaq-aparat sistemininin düzgün inkişaf etməsinə, qan dövranının daha yaxşı tənzimlənməsinə kömək edir. Adi sinifdə oxuyan şagirdlərdən fərqli olaraq “Sağlam sinif”də oxuyan şagirdlərdə gələcəkdə skolioz, kifoz, lordoz kimi xəstəliklərin əmələ gəlmə ehtimalı sıfra bərabərdir. Müşahidələr göstərib ki, uşaqlar 11-ci sinfi bitirdikdə onlarda uzaqdan görmə zəifləyir, amma yeni layihədə göz əzələlərinin daim işlək olması bu problemin də qarşısını almış olur. Şagirdlərin “sağlam sinif”də daim hərəkətdə olması onların boylarının artmasına da səbəb olur”, - deyə həkim bildirdi.

Şəhla Babayeva - ATU-nin uşaq və yeniyetmələrinin gigiyena kafedrasının dosenti
Şəhla Babayeva - ATU-nin uşaq və yeniyetmələrinin gigiyena kafedrasının dosenti

Təhsil Nazirliyi "Təhsilin inkişafı proqramları" şöbəsinin Pilot layihələr iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova deyir ki, təhsil işçilərindən başqa, peşəkar tibb işçiləri, psixoloqlar da layihənin hazırlanmasında birgə iştirak edirlər. “Biz hamılıqla düşündük ki, layihə birinci sinifdən başlamalıdır. Çünki uşaqlar oturaqlığa adət etdiyindən layihənin birdən-birə daha yuxarı siniflərdən başlanılmasına ehtiyat etdik. Hazırda layihə yalnız 1-ci və 2-ci sinif şagirdlərini əhatə edir. Həmin şagirdlər 11-ci sinfə çatanadək onların "Sağlam təhsil" siniflərində təhsil alması nəzərdə tutulur.

Afət Süleymanova - Təhsil Nazirliyinin "Təhsilin inkişafı proqramları" şöbəsinin Pilot layihələr iş sektorunun aparıcı məsləhətçisi
Afət Süleymanova - Təhsil Nazirliyinin "Təhsilin inkişafı proqramları" şöbəsinin Pilot layihələr iş sektorunun aparıcı məsləhətçisi

Layihənin birbaşa iştirakçıları olan şagird, valideyn və müəllimlərin sözlərindən belə başa düşdük ki, onlar da olduqca məmnundurlar. 1a sinfinin ibtidai sinif müəlliməsi Nazirə Hümbətova deyir ki, ilk günlər bir az çətin oldu. Amma sonradan bu təlim, təhsil prosesi uşaqlarda vərdiş halını aldı. “Mən uzun illərdir müəllimə kimi çalışıram. İlk dəfə qeyri-adi sinifdə, yeni təhsil proqramı ilə balacalara dərs deyirəm. Artıq dərs ilimiz sona çatmaq üzrədir və onu deyə bilərəm ki, çox razı qaldım bu layihədən. Biz müəllimlərlə mütəmadi olaraq təlimlər keçirilir. Hər dəfə uşaqlara idman hərəkətləri etdirdikdə özümüz də idman edirik deyə, deyərdim ki, “sağlam sinif” layihəsi elə şagirdlə yanaşı, müəllimlərin də sağlamlığının qeydinə qalır”.

Nazirə Hümbətova - 1a sinfinin ibtidai sinif müəlliməsi
Nazirə Hümbətova - 1a sinfinin ibtidai sinif müəlliməsi

Balaca Nurçin Məmmədova dərslərdən razı qaldığını və heç yorulmadığını dedi. “Biz tez-tez yerlərimizi dəyişirik, amma mən ən çox ayaqüstə dərs keçməyi xoşlayıram. Bu gün dərslərə yaxşı cavab vermişəm deyə, müəllimə mənə “fəalsan” verib”, - deyə 1-ci sinif şagirdi sevinclə öz boynundan asılan həvəsləndirici tablonu göstərdi.

 Nurcin Məmmədova - 1a sinfinin şagirdi
Nurcin Məmmədova - 1a sinfinin şagirdi

Valideyn Tacirə Əliyeva deyir ki, onun iki övladı var, biri adi sinifdə oxuyur, biri isə “sağlam sinif”də. Ananın sözlərinə görə, hər iki uşaq arasında böyük fərq var. “Qızım bu il “sağlam sinif”ə gedib. Oğlum ötən ildən məktəbə gedib, ənənəvi sinifdədir. Qızım oğlumdan balaca olmasına baxmayaraq istənilən vəziyyətdən çıxış yolu tapa bilir, fikirlərini daha səlis və aydın şəkildə, çəkinmədən ifadə edir. Bəzən elə olur ki, qızım oğlumun dərslərini anlayır, tapşırıqlarını həll edə bilir. Fiziki inkişafı da yaxşıdır. Əslində, körpəliyindən göz damarlarında problem vardı, əməliyyat etdirməli idik. Amma dərsə gedəndən bir neçə aydan sonra həkim yavaş-yavaş sağalmağa başladığını, artıq əməliyyata ehtiyac qalmadığını dedi. Bu da ona görədir ki, onlar hər gün sinifdə göz gimnastikası edirlər. Nəticədə, gözləri yaxşılaşıb”.

Təhsil üzrə ekspert, professor Əjdər Ağayev buna bənzər tədris prosesinin sovet dövründə də olduğunu vurğuladı. “Əvvəllər də biz dərs vaxtı idman edərdik, partalarımız hərəkətli idi. Odur ki, həmin ilin insanları sağlamdırlar, sağlam düşünə bilirlər. Amma sonradan bu yığışdırıldı. İki ildir yenidən təhsildə “sağlam sinif” tətbiq olunur. Alqışalayiq haldır. Amma düşünürəm, bir halda ki, bütün siniflərdə bunu tətbiq etmək mümkün deyil, o zaman həmin sinfə sağlamlığında nisbətən problem olanları – gözü zəif olanları, ya həddindən artıq zəif, ya da hiperaktiv uşaqları qoymaq lazımdır”, - deyə alim bildirdi.

Əjdər Ağayev - təhsil üzrə ekspert
Əjdər Ağayev - təhsil üzrə ekspert

Ümumiyyətlə, elmi araşdırmalar göstərir ki, məktəbi bitirənlərin yalnız 3-4%-i tam sağlam olur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə son on ildə ayrı-ayrı ölkələrdə müxtəlif xarakterli dövlət proqramları həyata keçirilir.

Azərbaycan “Sağlam təhsil” layihəsində isə daha çox Rusiya təcrübəsindən yararlanır. Daha dəqiq desək, Rusiya Milli Elmlər Akademiyasının müxbir üzvü Vladimir Filipiç Vazarovun təcrübəsindən istifadə edilir. Rusiyada 5 il ərzində 3000 məktəbdə onu təcrübəsi tətbiq edilib və ciddi nəticələr verib.

"Adi siniflərdə oxuyan şagirdlərlə müqayisədə, "sağlam təhsil" sinfində oxuyan şagirdlərin fiziki sağlamlığı daha yaxşıdır"

Ümumiyyətlə, beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, ABŞ, Avropa ölkələrinin alimlərinin apardığı araşdırmalar göstərib ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Odur ki, həmin ölkələrin məktəblərində də uşaqlara “sağlam təhsil” verilir.

“Sağlam təhsil sinfi” ilk dəfə təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə 15 sentyabr 2014-cü ildən başlayaraq 6 məktəbdə (Bakıda 5, Sumqayıtda 1) fəaliyyət göstərir. 2015-2016-cı tədris ilindən artıq 34 məktəbdə 67 sinif fəaliyyət göstərir. Gələcəkdə bu layihənin təkcə Bakı və Sumqayıtda deyil, respublikanın digər rayonlarında da tətbiqi gözlənilir. 2015-ci ildən isə “Sağlam Təhsil” meqa məktəbin layihələndirilməsinə başlanıb.

“Sağlam təhsil sinfi”nin yaradılması təhsilin son zamanlar əldə etdiyi bəlkə də ilk böyük uğurudur. Çünki bu siniflərdə tədrisin təşkili şagirdlərin iş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün əlverişli olub, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsinə və emosional vəziyyətlərinin yaxşılaşdırılmasına şərait yaradır. Lakin məktəblilərin sağlamlığını və düzgün inkişafını tam təmin etmək üçün sinifdənkənar mühit də optimallaşdırılmalıdır. Bunun üçün isə valideynlər və şagirdlər daim maarifləndirilməlidir. Ümid edirik ki, pilot layihə kimi başlanılan bu sistem yaxın on il ərzində respublikamızın bütün məktəblərini əhatə edəcək və "sağlam təhsil - sağlam millət" devizi özünü doğruldacaq.

 

Şərhlər