Azərbaycan Dəmir Yolları sərnişinləri sevindirəcək

Bayram günləri ilə əlaqədar qatarlara əlavə 20 vaqon qoşulacaq.
Bakı Dəmir Yolu Vağzalı
Bakı Dəmir Yolu Vağzalı

Novruz Bayramının yaxınlaşması ilə əlaqədar bir sıra qurumlar gücləndirilmiş iş rejiminə keçir.  ANS PRESS-in məlumatına görə, bayram  günlərində bölgələrə səfər edənlərin sayının artması ilə əlaqədar  Azərbaycan Dəmir Yolları QSC də bu istiqamətdə  tədbirlərə start verib. 

"Körpülərdə və stansiyalarda təhlükəsizlik tədbirləri gücləndiriləcək".

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, Azərbaycan Dəmir Yolları bayramdan 2 gün əvvəl gücləndirilmiş iş rejiminə keçəcək.

“Hazırda gücləndirilmiş iş rejiminə keçmək üçün hazırlıq işləri gedir. Bayramla əlaqədar Azərbaycan Dəmir Yollarında növbəli iş rejimi tətbiq ediləcək. İstirahət günlərində sərnişin sıxlığının yaranmaması üçün əlavə 20 vaqon hazır vəziyyətə gətirilir. Vaqonlar sərnişinlərin sayına uyğun olaraq artırılıb-azaldıla bilər. Hansı zona istiqamətində sıxlıq yaranarsa, bu vaqonlar həmin istiqamətə veriləcək”,-deyə N. Əzməmmədov bildirdi.

Nadir Əzməmmədov - “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri
Nadir Əzməmmədov - “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri

Qurum rəsimisinin sözlərinə görə, yük qatarlarının da gediş-gəlişi normal qaydada həyata keçiriləcək. “Vətəndaşlar yüklərini göndərə və qəbul edə bilərlər. Həmçinin körpülərdə və stansiyalarda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Ən çox sıxlıq qərb zonasında –Qazax  istiqamətində hiss olunacaq”,- deyə Nadir Əzməmmədov qeyd etdi.

Sıxlığın ən çox yaşanacağı istiqamətlər (Qərb istiqaməti - qırmızı xətlə işarələnib)
Sıxlığın ən çox yaşanacağı istiqamətlər (Qərb istiqaməti - qırmızı xətlə işarələnib)

 

Bəzi hallarda bayram günlərində bilet satışı ilə bağlı problemlər sərnişinlərin narazılığına səbəb olur. Nadir Əzməmmədov bildirdi ki, sərnişinlər biletləri istənilən vaxt 10 gün əvvəldən online formada ala bilərlər. “Amma sərnişin 1 saat əvvəl vağzala gəlib online aldığı biletini götürməlidir. Vətəndaşlar həmçinin kassaya yaxınlaşmaqla bilet əldə edə bilərlər. Kassadan bilet alan sərnişinlər isə mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Sərnişinlər hansısa neqativ hallarla qarşılaşsalar, bütün mobil operatorlardan 1822 qaynar xəttinə zəng vuraraq öz şikayətlərini bildirə bilərlər”, - deyə Nadir Əzməmmədov əlavə etdi.

Azərbaycan Dəmir Yolları QSC-nin qaynar xəti
Azərbaycan Dəmir Yolları QSC-nin qaynar xəti

Novruz bayramı ilə əlaqədar 9 gün qeyri-iş günü olacaq. İstirahət günlərində Azərbaycan Dəmir Yolları ilə bərabər Bakı Beynəlxalq Avtovağzalı  da gücləndirilmiş iş rejiminə keçir.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı ANS PRESS-ə açıqlamasında bildirmişdi ki, Bakı Beynəlxalq Avtovağzalı martın 15-dən  etibarən tətil günlərinin sonuna qədər iş qrafikində dəyişiklik ediləcək.  Bayram günlərində sərnişinlərin sayı artdığı üçün xəttə 700 avtobus buraxılacaq. 200-250 avtobus isə  ehtiyat üçün saxlanılacaq. Hər il olduğu kimi şimal rayonları və Naxçıvan Muxtar Respublikası istiqamətində sərnişinlərin daha çox olacağı gözlənilir.  Sərnişinlər biletləri 10 gün əvvəldən online yolla və həmçinin səfərə çıxmazdan əvvəl kassadan əldə edə bilərlər. 

 

Şərhlər