Bakı-Sumqayıt qatarı işə düşdü

Sentyabrın 15-dən başlayaraq yeni vaqonlarla Sumqayıta getmək və Bakıya qayıtmaq mümkün olacaq.
Bu gün Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə bildirib ki, bu gün saat 11-də ilk işçi qatari ilə QSC-nin rəhbər işçiləri, Sərnişindaşıma, Elektrik-Təchizatı Departamenti, İnfrastruktur Departamenti, Rabitə-Siqnalizasiya departamentinin əməkdaşları və texniki heyət göndərilib.

"Qatarla yola düşən heyət yola baxış keçirib dəmir yol xəttində və stansiyalarda, həmçinin hansısa bir hissədə olan çatışmazlıqlara baxacaq və həmin problemləri aradan qaldırmağa çalışacaqlar."-deyə xidmət rəhbəri bildirib.

Nadir Əzməmmədov Bakı-Sumqayıt dəmir yol xəttinin sentyabrın 15-də tam gücü ilə və yeni qaratlarla işə düşəcəyini də bildirdi.

Həmin qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edəcək.

Mart ayının 3-də təmirinə start verilən 63 kilometrlik dəmir yol xəttinin əsaslı təmiri dünən başa çatıb.

"Tarif Şurası" qatarlarda gediş haqqını müəyyənləşdirdikdən sonra vahid kart sistemi Bakı-Sumqayıt dəmir yol xəttində də istifadə ediləcək.

İyun ayının 3-də ölkə başçısı İlham Əliyev də Bakıya gətirilən yeni qatarlarla tanış olmuş, hattə qatarı idarə də etmişdi.



İlham Əliyev yeni qatarlarla tanış olur və qatarı idarə edir

Sutka ərzində bu dəmir yolu ilə 30-35 min sərnişinin daşınması proqnozlaşdırılır.

"Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.




Bakı-Sumqayıt dəmir yolunun yeni qatarları