Kanalizasiya partladı, evlər su altında qaldı

Bu, müxtəlif xəstəliklərin yaranmasına səbəbdir.
Kanalizasiya
Kanalizasiya

"Gələn həftə anamın qara bayramıdır, amma deyəsən onu keçirə bilməyəcəyik". ANS PRESS-in məlumatına görə, bunu Qaradağ rayonu, Ələtqılanlı qəsəbəsi, Füzuli küçəsi, ev 10-da yaşayan Zümrüd Məmmədova deyib.

Şikayətçinin sözlərinə görə, onun evində yas verə biləməməsinə səbəb kanalizasiya xəttinin partlaması və küçələrini su basmasıdır. Zümrüd Məmmədova deyir ki, bu problemdən təkcə o, əziyyət çəkmir, onunla bərabər həmin ərazidə yaşayan onlarla insan evdən bayıra çıxa bilmir.

"Artıq xeyli müddətdir ki, yaşadığımız küçə bu vəziyyətdədir. İşə gedəni var, işdən gələni var, evində yas edəni var... Müraciət etmədiyimiz yer qalmayıb. Bütün idarələrdən deyirlər ki, bu gün gələcəklər, sabah gələcəklər. Amma günü-günə satırlar. Həm də yay fəsli olduğundan kanalizasiyanın iyi evlərə də dolur. Yaxınlıqdakı binaların zirzəmiləri də su altında qalıb. Bütün bunlar müxtəlif xəstəliklərin yaranmasına səbəb olur", - deyə şikayətçi bildirdi.

Qaradağ Su Kanal İdarəsinin rəisi Etibar İbrahimov Ələtqılanlı qəsəbəsi, Füzuli küçəsindəki vəziyyətdən agah olduğunu bildirdi. Onun sözlərinə görə, həmin ərazidə kanalizasiya xətləri həqiqətən də yararsız vəziyyətdədir.

"Xətlər əvvəl Kanalizasiya İdarəsinin nəzdində olub.  Amma hazırda Mənzil- Kommunal İstehsalat Birliyinin nəzdindədir. Biz xətti iki dəfə təmir etmişik. Sadəcə indi kanalizasiya xətti evlərdən birinin altında partlayıb. Həmin əraziyə yeni kanalizasiya xətti çəkiləcək. Həyətlərdəki su 160 metr evlərdən kənara vurulmalıdır. Bu, gün ərzində su nasosları vasitəsilə ərazidən çəkiləcək. Bu, müvvəqətidir", - deyə qurum rəisi bildirdi.

Etibar İbrahimov onu da əlavə etdi ki, bu gündən başlanacaq yeni xəttin çəkilişi təxminən bir həftə ərzində yekunlaşacaq.

 

Şərhlər