ADU YAP-ın iclasına getməyən tələbələrə verilən töhməti ləğv etdi

“Sənəd saxtadır. Bunu kimin niyə etdiyi araşdırılır”.
Tələbələr universitetdə
Tələbələr universitetdə

"ADU-da tələbələrin YAP-ın iclasına getməməsinə görə töhmət verilməsi həqiqətə uyğun deyil". ANS PRESS-in məlumatına görə, bu barədə ADU-nun mətbuat xidmətindən bildiriblər.

Məsələ ilə bağlı keçirilən iclasda dekan Sevda Vahabova belə bir əmr vermədiyini, ümumiyyətlə, dekanatlıqda belə bir sənədin olmadığını bildirib. “Sənəd saxtadır. Bunun kim tərəfindən və nəyə görə edildiyi hazırda araşdırılır”.

Saat 13:01

YAP-ın iclasına getmədikləri üçün ADU-da təhsil alan tələbələrə töhmət verilməsi təkcə həmin universitetin deyil, bütün universitetlərin tələbələrinin etirazına səbəb olub. ANS PRESS-in məlumatına görə, ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı Sevda Vahabova YAP-ın iclasında iştirak etməyən 14 tələbəyə töhmət verəcəyi ilə bağlı əmr verib.

Əmrin şəkli sosial şəbəkələrdə yayıldıqdan sonra tələbələr bununla bağlı etirazlarını bildiriblər. Məsələn, sosial şəbəkə istifadəçisi Rüstəm Cəfər deyir ki, "universitet tələbəyə töhməti yalnız o zaman verə bilər ki, o, universitetin qaydalarını pozsun. YAP təhsilə aidiyyəti olmayan siyasi partiyadır və bunun fakültəyə heç bir dəxli yoxdur".

Məsələ ilə bağlı ADU-nun mətbuat xidmətinin rəhbəri Kazımova Şəfaqət bildirdi ki, dekanın əmrindən nə universitet rəhbərinin, nə də idarə heyətinin xəbəri olmayıb. Onun sözlərinə görə, əmr dekanatlıq daxili verilib.

"Bununla bağlı bu gün iclas keçiriləcək. Fakültə dekanı Sevda Vahabova ilə bağlı müvafiq ölçü götürüləcək. Bizim universitetdə ümumiyyətlə heç kim YAP-a üzv olmağa məcbur edilmir. Kimsə də üzv olubsa, onu iclasa məcbur göndərmirik. Odur ki, həmin tələbələrə qarşı töhmət mümkün deyil".

Kazımova Şəfaqət - ADU-nun mətbuat xidmətinin rəhbəri
Kazımova Şəfaqət - ADU-nun mətbuat xidmətinin rəhbəri

Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, analoji hadisə ötən il Azərbaycan Dövlət Pedaqoji Universitetində də yaşanıb. Filologiya fakültəsinin dekanı konsert proqramına məcbur hər qrupdan jurnal siyahısı ilə 15 tələbənin getməsini əmr edib. Konsert dərsdən sonra axşam saat 19:00-da olub. Konsertdə iştirak etməyən tələbələrə isə ertəsi gün töhmət verilib.  

 

Şərhlər