Ukraynada erməni azərbaycanlını öldürüb

Azərbaycanlının öldürməkdə təqsirli bilinən Rostislav Brinski ifadəsini dəyişib.
Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovu erməni general Anton Luqasyanın öldürtdürdüyü məlum olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Vüqar Nuruşovun qardaşı İlqar Nuruşov APA –ya bildirib.

Onun sözlərinə görə, ötən gün keçirilən məhkəmə iclasında qətldə təqsirli bilinən Rostislav Brinski məhkəmədə çıxış edərək istintaqa verdiyi ifadəsindən fərqli olaraq azərbaycanlı iş adamını özünün yox, erməni biznesmen Anton Luqasyan və onun iki qardaşı oğlunun öldürdüyünü bildirib.

R.Brinski deyib ki, obyektində mühafizəçi olduğu istefada olan general, iş adamı A.Luqasyan zəng edərək adamlarının ona bağlama gətirəcəyini bildirib: “Tanımadığım iki nəfər məni onlara məxsus bazarın yanına çağırıb maşında döyülməkdən tanınmaz hala düşmüş kişi meyiti göstərdi, onu gizli yerdə basdırmağı tapşırdı. Mən də şefimin əmrinə əməl edərək meyiti basdırdım. Yalnız meyit tapılandan sonra onun kim olduğunu bilmişəm. Meyiti gətirənlərin Luqasyanın qardaşı oğlanları olduğunu da sonradan öyrənmişəm. Əvvəldən heç nədən xəbərim olmayıb”.

Məhkəmə noyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, R.Brinski ibtidai istintaqa ifadəsində V.Nuruşovu təkbaşına öldürdüyünü bildirmişdi. V.Nuruşovun yaxınları isə erməni biznesmenlə ədavətlərini əsas gətirərək qətldə A.Luqasyanı ittiham edirdilər.

Əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti bu il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb.

Avqustun 17-də isə Xerson Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən bir azərbaycanlı - Allahverdiyev Naim Balakişi oğlu saxlanılıblar. Lakin yaxınları onun da qətlinin sifarişçisinin A.Luqasyan olduğunu iddia edirlər.

Bir müddət əvvəl Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ukraynada öldürülən azərbaycanlıların cinayət işləri Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən izlənəndiyini bildirmişdi.


Hikmət Hacıyev - XİN-nin mətbuat xidmətinin rəhbəri


Onun sözlərinə görə, bu il iyunun 25-də Ukraynanın Xerson vilayəti, Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilmiş 4 sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və bu ilin 17 avqustunda Xerson şəhərində qətlə yetirilmiş 1956-cı ildə Culfa rayonunda anadan olmuş Ukrayna vətəndaşıTağıyev İlham Tağı oğlunun öldürülməsi ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işləri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən izlənilir.

Qeyd olunan cinayət işləri ilə əlaqədar səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərilib. Azərbaycan diasporasının rəhbərlərindən biri Tağıyev İlham Tağı oğlu Ukraynanın Xerson vilayətində öldürülüb.

İlham Tağıyevin meyiti ona məxsus “Mercedes” markalı avtomobildə aşkar olunub.


İlham Tağıyevin qətlə yetirldiyi yer


Polisin ilkin ehtimalına görə, naməlum şəxslər Tağıyevə Berislav şossesində o, qaraja gedərkən hücum ediblər. Diaspora rəhbərinin başına küt alətlə 3 zərbə endirən cinayətkarlar, onu maşından çıxararaq döyüblər. Nəticədə, Tağıyevin 3 qabırğası sındırılıb. İ.Tağıyevi qətlə yetirdikdən sonra naməlum şəxslər onun üzərindən evinin açarlarını götürürək mərhumun evini qarət ediblər. Hazırda evdən nə qədər pul və zinət əşyasının götürüldüyü məlum deyil.

Hadisə baş verərkən öldürülən şəxsin həyat yoldaşı və qızı Azərbaycanda olub. Mərhumun oğlu isə Ukraynanın paytaxtı Kiyevdə yaşayır.