Qaraya ağ, yoxsa yaşıl demək zamanı (VİDEO)

Ağ Evdə Prezident qara olsa da hamı bilir ki, Ev Ağdır və ağ olaraq qalacaq
Ferquson iğtişaşlarına ən müxtəlif bucaqlardan yanaşmalar var: Maykl Braunun ölümünə adicə polis özbaşınalığının səbəbi kimi də baxılır, irqçiliyin acı fəsadı kimi də, polisə müqavimət göstərmiş birisinin haqqına aldığı qurşun seriyası tək də. Əlbəttə bütün bu fərziyələrin hər birinin necə deyərlər günəş altında yeri var, amma Hesabat - Birşəmiş Ştatlar üçün o qədər də səciyyəvi olmayan, bəlkə də çoxlarının ağlına gəlməyən bir prizmadan bu məsələyə yanaşacağıq. Biz Missuridə, Ferqusonda qara və ağdan başqa, bir ayrı rəng də axtaracağıq. Yaşıl.

…Diqqətimizi qətlə yetirilmiş Maykl Braunun qohumlarının onu şəhid adlandırması çəkdi. Bir az çaşdım da. Birləşmiş Ştatlar və şəhid. Qəflətən mənə elə gəldi ki, deyəsən ya Suriya, ya Misir, ya da lap elə İraqa baxıram. Və elə bu şəhid söhbəti də məndə belə bir fikir oyatdı ki, Ferquson hadisələrinin mahiyyətində müsəlman amili və islam faktorunun olub-olmaması barədə düşünək. Birləşmiş Ştatlarda yaşayan müsəlmanların sayı rəsmən 3, qeyri-rəsmi olaraq isə 12 milyona yaxındır. Onların arasında qara dərililər kifayət qədərdir. Elə əslində mənim diqqətimi çəkən də Ferqusonda məhz qara dərililərin kompakt yaşaması oldu. Onların arasında müsəlmanlar çoxluq təşkil edir. Bir az əvvəl qayıdaq. Məsələ burasındadır ki, Birləşmiş Ştatların özünütəqdiminə görə bu ölkədə qurd quzu ilə otlayır, irqi və dini məsələlərdə heç bir ayrı-seçkilik yoxdur və sair. Hətta dünyaya nümunə olaraq Obamanı göstərmək də olar. Necə deyərlər bu boyda Qaradan da artıq rəng olar? Amma dərinə gedəndə, belə çıxır ki, olar… Bu ölkədə yaşayan müsəmanlar bizə təqdim və təlqin olunduğu kimi heç də həmişə hər şeydən razı olmayıblar. Onlar hələ də qaralandıqları zamanları və məkanları xatırlayırlar…

“Mən balaca oğlan olanda, bax indi oturduğumuz bu otelə Afrika amerikalıları girə bilməzdi. Bura girməyin tək yolu o idi ki, burda ancaq işləməlisən. Ayaqqabı təmizləyən, qab yuyan, süpürgəçi, qapçı bir sözlə qulluqçu. Bax məhz bu binada. Bura 40 il əvvə üzümüzə bağlı idi” – deyə Subabu Raşid bildirib.

Siz Türkiyə prezidentinin Kolumbdan əvvəl Amerikanı müsəlmanlar kəşf edib fikrini bəlkə də qəribçiliyə salırsınız. Amma bu fikri hələ bir neçə ilə əvvəl Birləşmiş Ştatlara ezamiyyətə getmiş ANS-in əməkdaşlarına bu ölkənin sadə dindarlarından biri demişdi. Hətta fikrini izah etmək üçün konkret misallar da çəkmişdi:

“Kolumb ilə bura gələnlərin çoxu, hətta ondan əvvəl bura gələnlərin əksəriyyəti müsəlmanlar idi. Bu gün 0-dan 10- dək olan rəqəmlər islamdan gəlir. Onu ərəb rəqəmləri də adlandırırlar. Hətta öyrəndiyimiz riyaziyyat belə əl-cəbir adlanır. Hətta bəzi ştatların adları belə ərəb köklüdür. Beləliklə İslam Amerikada çox zəngin bir tarixə malikdir. Mən hələ köləlikdən əvvəliki Amerikanı demirəm. Mən Corc Vaşinqtondan sonra bərqərar olan Amerikadan danışıram. Amma ağıllı adamlar anlayırlar ki, İslam nə qədə zəngin və güclü bir dindir. Qəzetlər ağzına gələni yazırlar ki, tirajları artsın. Biz buna fikir vermirik. Amerikada yaşayanlar ağıllı adamlardır. Onlar başa düşürlər ki, yazılanlar həqiqəti əks etdirmir” – deyə müsəlman vəkil Həsən Abdullah vurğulayıb.

Dodaqlarınız qaçmasın. Bu qaraşın müsəmlanların heç kimlə zarafatı filanı yoxdur. Onlar doğrudan da buraları özlərinki sayırlar və hesab edirlər ki, Amerika Birləşmiş Ştatlarını mütləq islam dini xilas edəcək. 1995-ci ilin bu kadrları isə Ağ Evin tarixində ən qarasıdır. Yəni qara rəng yox böyük mənasında. 1 milyondana artıq insan o zaman bir nəfərin çağırışı ilə bura Vaşinqtona yığılmışdı. İndi burada dayanaq və qayıdaq ağ polisin güllələdiyi qara Braunun başı üstünə və onun valideynlərinin elan etdiyi şəhid statusuna . Belə çıxır ki, öldürülən müsəlmandır və özü də mömin. Deməli indi Birləşmiş Ştatların Nyu-York, Vaşinqton, Detroyt və Los Anceles də daxl olmaqla onlarla iri şəhərini bürüyən qarabasmada bir az xəlifə bayrağının da rəngi var… Fikir verirsinizsə Ferqusonda baş verən iğtişaşlar öz görkəmi ilə ərəb inqilablarını və onların sonradan daha amansız şəkil almış müxtəlifi formalarını xatırladır. Özü də Ekiz Binaların uçurulmasından sonra bü ölkədə müsəlmanlara qarşı dəyişmiş ümumdövlət yanaşması kiçik məsələ deyil. Bu ba çox maraqlı detaldır ki, Birləşmiş Ştatlarda yaşayan müsəlmanların böyük bir qrupunun həbsxana həyatına bu və ya digər dərəcədə aidiyyatı var. Yəni kriminal mənşəyə malikdirlər deməyə açığı ehtiyat edirəm, amma məhbus həyatı ilə birbaşa bağlı olurlar. İslama Amerika Birləşmiş Ştatlarınad adətən məscidlərdə yox, daha çox həbsxanalarda qəbul edirlər, çünki bu din onların sözün həqiqi mənasında himayədarı olur. İslamı qəbul etmiş şəxs burada hər hansı təqibə və təzyiqə məruz qalarsa onun qarşısında həbsxananın müsəlman icması bütün gücü ilə dayanır… Və elə buna görə də Birləşmiş Ştatların qara müsəlmanları arasında öz qisasını alan və ya hirsini bu şəkildə boşaldan, daha doğrusu hirsini küçəyə boşaldan minlərlədir. Həm də qara müsəlmanlar daha aqressiv, daha qapalı və daha amansız olur. İndi Ferqusonda baş verənləri bir zamanlar Amerika Birləşmiş Ştatlarında elə qaradərilərin iştirakı ilə baş verən hadisələrdə müqayisə etsək kadrların bir-birinə nə qədər bəzdiyini görərik. Laaap ekiz binalar kimi… Necə deyərlər, Birləşmiş Ştatlar özünü daxili toqquşma və vətəndaş qarşıdurmalarından qorusa da bunu sonadək edə bilmir. Onun Suriya, İraq, Liviya və sair kimi müsəlman dövlətlərində apardığı müharibə sanki geriyə - öz sərhədlərindən içəri girib. Əlbəttə hələ ki, bunu etiraf etmirlər. Amma belə həqiqətlər adətən etiraf olunmur. Məsələn, kim bu saat etiraf edə bilər ki, dünyada xristian müsəlman müharibəsi var. Əlbəttə heç kim… Amma necə deyərlər, müharibə istəyirsənsə onu da alacaqsan… İndi Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Ferquson şəhərindən başlayan və sürətlə ölkənin ən iri şəhərlərinə keçən qara qızdırmanın aşağı salınması üçün yəqin ki, Ağ Evin məzmunu dəyişməlidir. Çünki burada doğrudur prezident qara olsa da hamı bilir ki, Ev Ağdır və ağ olaraq qalacaq.