Dünyanın diqqətini necə cəlb etməli (VİDEO)

Yaxınları Dilqəm və Şahbazı azad etmək üçün daha çox şey edə bilər
Bu körpüyə dünən də bir ağıllı çıxmışdı. Xilas edib apardılar. Görünür Koroğlu körpüsü haqqında ciddi bir şey fikirləşmək lazımdır. Kimsə buranı artıq Qıl körpüsünə çevirib. Amma bir şərtlə ki, bu qıl körpüsünün cənnətə çıxışı yoxdur. Əlbəttə ən yaxşısı bu olardı ki, körpünün üstünü xüsusi sədd və maneələrlə bağlasınlar, ya burda polis keşik çəksin. İnzibati cəza, tənbeh təsir etmir. Ya da ki, bu körpünün yerli həvəskar kamikadzeləri ən çox cəlb edən tərəfinə yüksək gərginlikli tok buraxılsın və çıxma öldürər yazılı lövhə vurulsun. Və ora sadəcə diqqəti cəlb etməyə qalxmaq istəyən şəxs də bilsin ki, daha ordan özünü atmasına ehtiyac olmayacaq, ikincisi də lap elə kimsə doğrudan bu körpüdən birbaşa cəhənnəmə getmək istəyirsə buyursun, daha müasir və texnoloji vasitə, onu elektrik cərəyanı vurub hara lazımsa aparır. Bu təbii ki, acı bir zarafatdır. Amma o zarafat da zarafat deyil ki, içində bir hissə gerçək olmasın.

“Mən intihar etməyəcəm. Çünki bu addım ən zəiflərin işidir". Bu sözlər Dilqəmə aiddir. Ermənilərin əlində girov olan Dilqəm bu sözləri ona işgəncələrin artacağı təqdirdə intihar edəcəyini ehtimal edən yaxınlarına yazdığı məktubla çatdırıb. Mən güclüyəm. Ona görə ki, haqlıyam. Dilqəm bu cür deyib, bu cür düşünür. Elə Şahbaz da ləyaqətlə dözür və duruş gətirir. Amma məncə yaxınları Dilqəm və Şahbazı azad etmək üçün daha çox şey edə bilər. Hakimiyyət onsuz da bacardığını edir. Mən isə girov soydaşlarımızın yaxınlarını bu mübarizəni ölkədən kənara çıxarmağa dəvət edirəm. Dilqəmin və Şahbazın qohumları ən azı Avropa məhkəməsinə qədər gedib çıxmış Baxış Çıraqova baxıb nümunə götürə bilər. Bir dəfə Parisdə, bir dəfə Moskvada, bir dəfə Vaşinqtonda, lap Ağ Evin qarşısında ən azı gedib bir saat dayanmaq, hansısa bir formada etiraz aksiyası keçirmək olar. Dünyanın diqqətini Bakıda oturub məhəlli, hövzə etirazları ilə cəlb eləmək yol deyil. Dövlətə gərək vətəndaş da kömək etsin. Əminəm ki, belə təşəbbüsləri elə dövlət də dəstəkləyəcək...