ABŞ kəşfiyyatı: "Partlayışlar etmək üçün 30 İŞİD-çi Türkiyəyə daxil olub"

Atatürk hava limanındakı terror aktının təfərrüatları yavaş-yavaş mətbuata sızmağa başlayıb.
Təhlükəsizlik qüvvələrinin əməkdaşları
Təhlükəsizlik qüvvələrinin əməkdaşları

İstanbulun Atatürk Hava Limanında 41 nəfərin ölümü və 250-dən çox adamın yaralanması ilə nəticələnən qanlı terror aktı ilə bağlı yeni məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, CNN Türk-də canlı yayım zamanı telekanalın Ankara təmsilçisi Hande Fırat deyib.

Onun sözlərinə görə, Türkiyənin kəşfiyyat xidməti 20 gün əvvəl aidiyyəti qurumlara İŞİD-in İstanbulda terror aktı törədəcəyi barədə məlumat göndərib.

CNN Türk-ün əməkdaşı deyib ki, bu ayın əvvəllində Türkiyə hökumətinə və digər müvafiq qurumlara məhz İstanbulda partlayış olacağı ilə kəşfiyyat məlumatı ilə xəbərdarlıq edilib.

Maraqlısı burasındadır ki, kəşfiyyat məlumatlarında terror aktının törədilməsi ehtimal olunan yerlərin siyahısında Atatürk Hava Limanının da adı olub.

CNN Türk telekanalının məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan 20 gün əvvəl MİT direktoru Hakan Fidanı 30 İŞİD terrorçusunun terror hücumları həyata keçirmək üçün Türkiyəyə daxil olduğu barədə xəbərdar edib. Buna baxmayaraq MİT planlaşdırılan terror hücumunun qarşısını ala bilməyib.

Atatürk hava limanında həkimlər yaralılara yardım edir
Atatürk hava limanında həkimlər yaralılara yardım edir

Təhlükəsizlik xidmətlərindəki mənbələr aeroporta hücumu həyata keçirən terrorçu qrupun 7 nəfərdən ibarət olduğunu bildirirlər. Bu barədə dünən Türkiyədə yaşayan şərhçi İbrahim Nəbioğli ANS TV-yə məlumat vermişdi.

Həmçinin oxuyun: ANS TV-nin partlayış yerindən reportajı

O bildirmişdi ki, 7 terrorçudan 3-ü zərərsizləşdirilib, 4-nün axtarışları isə davam edib. Rəsmi məlumatlar hələlik bunu təsdiqləmir. Amma terrorla bağlı məqamların üstü yavaş-yavaş açılır.

Artıq terrorçularından birinin fotosu yayılıb. Türkiyə KİV-in məlumatına görə, bədəni parçalanmış terrorçu ayaqqabılarından tanınıb. Fotolarda da görünür ki, havaların isti keçdiyi bir vaxtda terrorçu gödəkçə ilə hava limanına gəlib. Digər terrorçu isə aeroprtda ətrafdakı insanlara atəş açır.

Rəsmi məlumatlara görə, iyunun 28-də 3 terrorçu İstanbulda Atatürk Hava Limanına hücum edib. Onlardan biri birinci mərtəbədə yerləşən xarici uçuşlar terminalına gedib və özünü partladıb. Partlayışdan sonra təşvişə düşən insanlar terminalın çıxışına qaçarkən burada onları digər iki terrorçu əllərində silahla qarşılayıb və atəş açmağa başlayıb.

Daha sonra terrorçulardan biri yuxarı mərtəbəyə çıxıb. Bu vaxt aşağı mərtəbədəki terrorçu-kamikadze özünü partladıb. Bir az sonra isə 3-cü terrorçu yuxarı mərtəbədə bombanı işə salıb.

Atatürk Hava Limanındakı terror hücumları zamanı 41 nəfər həyatını itirib, 239 nəfər isə yaralanıb.

 

Şərhlər