Almaniyada Ərdoğan haqqında yayılan video 2 ölkə arasında gərginlik yaradıb

Videoda Ərdoğan tənqid olunur.
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

TürkiyəAlmaniya arasında diplomatik qalmaqal yaranıb. ANS PRESS-in məlumatına görə, qalmaqala səbəb Almaniya televiziyalarının birində yayımlanan  satirik videoçarx olub.

“Extra 3” adlı  verilişdə yayımlanan videoda  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan bəhs edən "Erdowi, Erdowo, Erdogan" adlı mahnı ifa edilib. Mahnıda “Ərdoğana qarşı çıxan qəzet sahibi həbs edilir” kimi ifadələr və ölkədə müxtəlif vaxtlarda baş verən mitinqlərdə polislə etirazçılar arasında yaşanan toqquşmalarla bağlı görüntülər yer alıb. Yayılan video Almaniyanın Türkiyədəki səfiri Martin Erdmannın  Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb olub.

Məlumata görə, səfir  uzun  müddət özünü və ölkəsini müdafiə etmək məcburiyyətində qalıb. Hazırda Türkiyə və Avropa xüsusilə də Almaniya arasında həssas bir dönəmdir. Çünki Suriya münaqişəsi zamanı yaranan miqrant böhranı Türkiyə və Avropa İttifaqı  arasında həll olunma mərhələsindədir. 

Türkiyə və Almaniya arasında qalmaqala səbəb olan mahnı

Əlbəttə ki, Avropa və Türkiyə münasibətlərinin istiləşdiyi bir dövrdə belə bir  videonun  hazırlanması  səbəbsiz deyil.

"Müxtəlif qüvvələr belə videoçarxlar yayımlamaqla Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana qarşı çıxan insanları öz ətraflarında toplamaq istəyirlər".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, politoloq Tofiq Abbasovun sözlərinə görə, bu video ölkələr arasında münasibətlərin pozulmasına xidmət edə bilər.

“Almaniyada milyonlarla türk yaşayır. Onlar uzun müddət  bu ölkədə yaşamalarına baxmayaraq,  öz adət-ənənələrini unutmadılar.  Alman cəmiyyəti isə bundan çox narahatdır. Ona görə də millətçi təşkilatlar və onların qulluğunda duran media qurumları Almaniyanın islamlaşmasının qarşısını almaq istəyirlər. Həmçinin son vaxtlar Avropa və Türkiyə arasında münasibətlərin yaxşılaşması müxtəlif qüvvələri narahat edir”, - deyə politoloq bildirdi. 

Tofiq Abbasov - politoloq
Tofiq Abbasov - politoloq

Onun sözlərinə görə, müxtəlif qüvvələr belə videoçarxlar  yayımlamaqla Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana qarşı çıxan insanları öz ətraflarında toplamaq istəyirlər.

“Avropada, xüsusilə Almaniyada Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı çıxan qüvvələr, təşkilatlar bunu açıq formada bəyan edirlər. Həmçinin Avropa hazırda nüfuzlu liderlərlə bağlı problem yaşayır. Qərb Şərqdə, xüsusilə də Türkiyədə  Ərdoğan kimi liderlərin meydana çıxmasından narahatlıq hissi keçirir. Bütün bunlar Avropada xüsusi təşkilatların Türkiyəni və Ərdoğanı hədəfə almağa sövq edir”, - deyə politoloq bildirdi.  

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Avropada Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana qarşı tənqidi münasibətin artdığını bildirdi. Onun sözlərinə görə, belə məsələlərə sakit yanaşmaq lazımdır. Çünki bu hallar tək Ərdoğanla bağlı yaşanmır.

 "Avropa liderləri ilə bağlı da tənqidi videolar və verilişlər hazırlanır. Türkiyə prezidenti  ölkə daxilində və xaricində özünə qarşı atılan bu addımları təxribat kimi qiymətləndirir.  Amma belə videolar təxribat xarakterli deyil. Ona görə də baş verənlərin iki ölkə münasibətlərinə təsir edəcəyini ehtimal etmirəm. Türkiyənin bundan böyük problemləri var. Hazırda Türkiyə rəhbərliyi Avropanı PKK-nı terror təşkilatı kimi tanımağa məcbur etməlidir”, - deyə Elxan Şahinoğlu bildirdi.  

Məlumdur ki, martın 18-də Türkiyə və Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsi və miqrant böhranının həlli ilə bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, Suriya qaçqınlarının çarəsizliyindən istifadə edib insan alveri ilə məşğul olanların qarşısı alınmalıdır.

Razılığa əsasən, Avropa İttifaqı Türkiyəyə ilk mərhələdə 3 milyard avro, 2018-ci ilə qədər də əlavə 3 milyard avro ayıracaq. Vəsait əsasən suriyalı qaçqınların Türkiyə ərazisində yerləşdirilməsinə və onların həyat tərzinin yaxşılaşdırılmasına sərf ediləcək. Bundan başqa, razılaşmada Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfər etmələri də nəzərdə tutulub. Amma Türkiyə rəsmiləri, prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu Avropa ölkələrinin rəhbərlərini tənqid edir. Avropa ölkələrini PKK-ya dəstək verməkdə, Türkiyəni 30 ildən çox Avropa İttifaqının qapısında saxlamaqda günahlandırırlar. 

Türkiyə rəsmilərinin belə çıxışları avropalı həmkarlarını qıcıqlandırır. Amma hazırda Avropa dövlətləri Türkiyə ilə münasibətdə çox ehtiyatlı olmalıdır. Çünki Türkiyə suriyalı miqrantların ölkə ərazisində yerləşdirilməsini öz üzərinə götürüb. Hazırda Yunanıstan-Türkiyə, Bolqarıstan-Türkiyə sərhədində  miqrantların  Avropaya  keçidinə qadağa qoyulub.

Yunanıstan-Türkiyə, Bolqarıstan-Türkiyə sərhədi (qırmızı xətlə işarələnib)
Yunanıstan-Türkiyə, Bolqarıstan-Türkiyə sərhədi (qırmızı xətlə işarələnib)

Əgər  Türkiyə bu sərhəd-keçid məntəqələrini açarsa, Avropa qarşısını almağı bacarmayacağı bir miqrant axını ilə qarşılaşa bilər. Belə bir nəticəyə gəlmək olar ki, hazırda Avropanın "sükanı" Türkiyənin əlindədir. 

 

Şərhlər