Evi sənədsiz olanlara şad xəbər!

"Əlində mülkiyyəti ilə bağlı sənədi olan hər bir şəxsin evi sənədləşdirilə bilər".
Son illər paytaxt Bakı və şəhərətafı ərazilərdə kifayət qədər icazəsiz inşa edilən tikililərlə bağlı narazılıq olunurdu. Sözügedən tikililərin böyük əksəriyyəti yaşayış evləridir. Həmin evlərin sahibləri qeyri-qanuni inşa etdikləri evləri sənədləşdirmək məsələsində çətinliklərlə üzləşir və bir çox hallarda ona müvəffəq ola bilmirdilər.

Uzun müddət həll olunmayan problem, artıq həll oluna bilər. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Milli Məclis tərəfindən mexanizm hazırlanıb. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Milli.Az-a açıqlamasında bildirdi ki, hazırlanan qanun layihəsinə təkliflər verilməsi üçün yerli icra hakimiyyətləri və bələdiyyələrə göndərilib.

Onun sözlərinə görə, qanunsuz evlərlə bağlı tədbir görülməli idi, çünki qanunsuz evlərlə bağlı bir neçə dəfə məsələ qaldırılmışdı: “Mili Məclisə müraciət olmuşdu ki, evlər uzun müddətdi tikilib, amma sakinlər bunu qeydiyyatdan keçirə bilmirlər. Məlumdur ki, həmin evlərin böyük hissəsi qanunsuz tikilib, amma göydən düşməyib. Onların bir qisminə icra hakimiyyəti və bələdiyyələrdən, bir qisminə müəyyən şirkətlərədən icazə verilib. Elə evlər var ki, 20-30 il əvvəl tikilib. Ona görə də məsələ qalxdı ki, sənədsiz evlər qeydiyyata alınsın, kimin hansı qurumdan sənədləri var, toplansın. Bundan sonra həmin evlərdən hansının sökülməsi daha vacibdirsə, ona kompensasiya verməklə, həyata keçirilsin. Sənədlər hazırda toplanır, bunun nəticəsi olacaq.

Hamı qanuna tabedir, indiki zamanda daşı daş üstünə qanunsuz qoymaq olmaz. Ev tikilən zaman, onu tikməyə icazə veriblər, sonra özlərini sığortalamaqdan ötrü deyirlər ki, qanunsuz tikilib. Bunu tikən zaman, inzibati orqanlar, hüquq-mühafizə orqanları var, orada tikməyə icazə verməyəydin".

Millət vəkilinin fikrincə, yeni hazırlanan mexanizm qəbul olunarsa, əlində mülkiyyəti ilə bağlı sənədi olan hər bir şəxsin evi sənədləşdirilə bilər: “Kimsə, 2 sot torpaq alıb ev tikir. O, bununla nə cinayət edir ki? Amma müəyyən yerlər var ki, orada ev tikmək olmaz. Həmin tikililər sökülməlidir. Amma bir şəxs azad zonalarda torpaq alıb ev tikibsə, ona icazə vermək lazımdır ki, evini sənədləşdirsin. Artıq bir neçə bələdiyyə ilə əlaqə saxlamışam, ən adi sənədlər də toplanır” - Tahir Rzayev deyib.