Azərbaycan hərbçiləri ABŞ ordusu ilə təlim keçəcək

Hərbi məşqlər Rumıniyada təşkil ediləcək.
Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Silahlı Qüvvələri

Bu yay Rumıniyada Azərbaycan və ABŞ hərbçilərinin birgə hərbi təlimləri planlaşdırılır. ANS TV-nin məlmatına görə, bunu jurnalistlərə müsahibəsində ABŞ-ın Avropa komandanlığının nümayəndəsi, general Ben Hodces deyib. Bu, generalın Azərbaycana ilk səfəridir. Səfər Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın davam etdirilməsi və inkişafı məqsədini daşıyır.

Ben Hodcesin sözlərinə görə, gələn il Gürcüstanda keçiriləcək hərbi təlimlərdə Azərbaycanlı hərbçilərin də iştrakı ilə bağlı müzakirələr aparılıb. Avropa Komandanlığı müzakirələr zamanı hərbi təmsilçilərimizə bildirib ki, dəvət gələcəyi təqdirdə ABŞ hərbçiləri Azərbaycan ərazisində təlimlərdə iştirak edə bilər.

Azərbaycan hərbçiləri ABŞ ordusu ilə bərabər təlimlərə qatılacaq

Ötən gün Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Baş Qərargah rəisi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, o cümlədən atəşkəsin pozulması səbəbləri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və onların nəticələri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən və qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant B.Hodces bu görüşün Azərbaycan ilə ABŞ-ın Avropadakı quru qoşunları arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına ümidvar olduğunu bildirib. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər ətraflı müzakirə olunub.

 

Şərhlər