"Hər şey yaxşı getsə ANS 25 illiyini yeni binada qeyd edəcək"

Vahid Mustafayev yanvarın 1-də ANS-də böyük layihəyə start veriləcəyini deyib.
Bu gün Azərbaycanın, eyni zamanda keçmiş SSRİ məkanının ilk müstəqil telekanalı olan ANS-in 24 yaşı tamam olur.

ANS 1991-ci ildə üç gənc jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb. 24 il az vaxt deyil. Bu müddət ərzində bir çox layihələr həyata keçirən ANS qarşıda daha maraqlı layihələrlə tamaşaçıları sevindirməyi planlaşdırır. ANS-in prezidenti Vahid Mustafayev Trend-ə indiyə kimi görülən işlər və gələcək planlarla bağlı müsahibə verib.

- 24 il ərzində ANS çox böyük uğurlar əldə edib. Bəs ANS-in istədiyi, lakin əldə edə bilmədikləri nə olub və növbəti illərdəki planlarınız nədir?

- Ümumiyyətlə, istədiklərimizə tədricən nail olmuşuq. ANS bir fərd olaraq ümumi inteqrasiya olunmuş cəmiyyətdən kənarda yaşaya bilməz. Biz Azərbaycanda yaşayırıq, Azərbaycanda fəaliyyət göstəririk. Bütün bu əməyimiz Azərbaycanın inkişafına, Azərbaycanın çiçəklənməsinə və Azərbaycan haqqında informasiyaları bütün dünyaya çatdırmağa yönəlib. Bu gün çiçəklənən Azərbaycanın bir parçası olmaq bizim üçün çox böyük fəxrdir. Azərbaycanın televiziya məkanının daha müasir olması üçün əlimizdən gələni edirik. Bu məqsədlə böyük bir layihəyə başlamışıq. Bu layihə, inşallah, gələn il yanvarın 1-də başa çatacaq.

Artıq tamaşaçılarımız görür ki, efirdə böyük dəyişikliklər var. Məsələn, “Salam Azərbaycan” verilişi səhər saat 07:00-dan başlayır və informasiya verir. ANS kanalı yanvarın 1-nə qədər Azərbaycan tamaşaçılarının sevdiyi kanal olmaqla yanaşı, Azərbaycanı son məlumatlarla təmin edən irimiqyaslı struktur olacaq. Bunun üçün dünyanın müxtəlif ölkələrində yerləşən agentliklərlə müəyyən müqavilələr imzalanıb. Bu iş gedir və bunun üçün kanalımıza peşəkarlar dəvət olunub.

- Bu o deməkdir ki, yanvarın 1-dən “Xəbərçi” hər saatın tamamında yayımlanacaq?

- ANS-in əsas istiqaməti əvvəl olduğu kimi, xəbər kanalı olacaq. Sadəcə olaraq xəbərlərin təqdimetmə sistemi, texnologiyası dünyada ən müasir texnologiyalara əsaslanacaq. Qloballaşan, hadisələrin yüksək sürətlə inkişaf etdiyi müasir dünyada ANS-in Azərbaycan xalqı qarşısında əsas məqsədi, əsas vəzifəsi ondan ibarətdir ki, tamaşaçılarımız digər ölkələrin tamaşaçılarından əvvəl olmasa da, onlarla birlikdə, hətta bir çoxlarından daha tez məlumat əldə edə bilsin. Bunun üçün əlimizdən gələni edirik. İnsan resursları, ən əsası, texnologiyalar və soft proqramlar sayəsində bu işə nail olacağıq.

- Vahid müəllim, ANS-in yaxın zamanlarda yeni binaya köçməsi planı varmı?

- Elə ilk illərdən əldə etdiyimiz vəsaitləri insan resurslarına sərf etməyə, insanların məvaciblərini artırmağa çalışırdıq. Bizim qazancımız ancaq reklamdandır. 1998-ci ildən maaşları kart üsulu ilə veririk. Lakin keçən 24 il ərzində hər il, sözsüz ki, qənaət edirdik. Necə deyərlər, kəmərlərimizi çox sıxırdıq ki, nə vaxtsa imkanımız olanda, binamızı tikək. 2015-ci ilin əvvəlində cənab Prezident İlham Əliyev özü bizim layihəmizi bəyənib. Hələ 1992-ci ildə Badamdarda aldığımız torpaqda hazırda öz vəsaitimiz hesabına telekanal üçün bina tikməyə başlamışıq. Çox şadıq ki, bu iş gedir. Hər şey yaxşı getsə, Allahın köməyi ilə, yəqin ki, gələn ilin sonuna kimi bina hazır olacaq, yəni 25 illiyimizi yeni binamızda qeyd edəcəyik.