Sarkisyan Dağlıq Qarabağ probleminin həlli yollarını açıqladı

“İndi insanlara bizim mümkün qədər güzəştə getməyimizi başa düşmək bir az çətindir”.
Ermənistan əsgərləri
Ermənistan əsgərləri

Dağlıq Qarabağ problemini yalnız sülh yolu ilə həll etmək lazımdır. Aprel hadisələrindən əvvəl də biz deyirdik ki, problem kompromis əsasında həll olunmalıdır. İndi insanlara bizim mümkün qədər güzəştə getməyimizi başa düşmək bir az çətindir. Lakin buna baxmayaraq mən inanıram ki, bizə optimal həll yolunu tapmaq lazımdır".

ANS PRESS-in məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sarkisyan Vatikan radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, bu yol Ermənistan və Azərbaycan üçün yox, Dağlıq Qarabağ xalqı üçün yaxşı olmalıdır.

“Mən əminəm ki, biz bu həll yolunu tapacağıq”, - deyə Sarkisyan əlavə edib.

Serj Sarkisyan Vatikan radiosuna müsahibə verərkən
Serj Sarkisyan Vatikan radiosuna müsahibə verərkən

İyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüş keçiriblər. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və  ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər. Görüş Peterburqun Konstantinov Sarayında keçirilib.

Görüşdən sonra Azərbaycan, Ermənistan və  Rusiya prezidentləri Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar. 

Bəyanatda münaqişənin həllində dinamik danışıqların aparılması xüsusi vurğulanıb. Prezidentlərin bəyanatı barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib. 

"Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı uyğunlaşdırdılar. Bəyanatda münaqişənin siyasi yollarla nizama salınması ilə bağlı addımların ön plana çıxarılması diqqətə çatdırılır”.
Onun sözlərinə görə, son günlərdə cəbhə xəttində vəziyyət sakit olaraq qalır.

Həmçinin prezidentlər Qarabağda ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı  razılığa gəliblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında görüş
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında görüş

Prezidentlərin görüşündən sonra rəsmi Bakı Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. Prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. 

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər", - deyə administrasiya rəhbərinin müavini bildirib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmadığını deyib.

O bildirib ki, mərhələli həll üçün ilk növbədə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi  və bu planın Azərbaycan tərəfindən qəbul edilməsi məsələsi müzakirə olunmalıdır.