Aşurada axan qan (VİDEO)

Qan talassemiya xəstələri üçün istifadə ediləcək.
Şəkidə Aşura ilə bağlı qanvermə aksiyası və təziyə mərasimləri keçirilir.

ANS TV-nin məlumatına görə, Şəkidə İmam Əli məscidində İmam Hüseyn təziyəsini qeyd etmək və qanvermə aksiyasina qoşulmaq üçün axın müşahidə olunur.

Məscidin imamı Hacı Firuddin İbrahimov bildirib ki, məsciddə ehsanlar verilir, mərsiyələr oxunur.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmisi Gündüz Paşayev xəsarət yetirmə ilə qan çıxarılması fikrinin bir necə ildir ki, bu cür humanist aksiya ilə əvəzləndiyini dedi:

“Tədricən milli mənəvi dəyərlərin daha dərindən dərk olunması ona imkan verir ki, artıq insanlarımız bu cür mərasimlərdə birliyi qardaşlığı və müsəlmana xas olan əsl hissələri ortaya qoyaraq bu cür xeyirxah aksiyalarda iştirak edir”.

Artıq 4-cü ildir bu məsciddə Aşura günü qanvermə aksiyasının keçirildiyini deyən Mərkəzi Qan Bankı Şəki bölməsinin rəhbəri Qorxmaz İbrahimxəlilovun fikrincə, aksiya ildən-ilə daha kütləvi hal alır və könüllü iştirak edən donorların sayı artır. Toplanan qan, mərkəzdə yoxlanıldıqdan sonra istifadəyə yararlı olanlar talasemiya əziyyət çəkən şəxslər və digər qana ehtiyacı olanlar üçün istifadə olunur:

“Bölgədə 200-ə yaxın talasemiyalı uşaq var. Onların eləsi var ki, ay ərzində iki dəfə və ya ayda bir dəfə qan trasfoluziya olunur. Ondan əlavə əldə olunan qanlar digər qana ehtiyacı olan xəstələrə istifadə olunur”.

Aksiyada günün birinci yarısında 100-ə yaxın sakin iştirak edirdi.