Qatil ermənidən etiraf (FOTO)

Polisə ifadə verən Çiçakyan bütün günahı öz üzərinə götürüb
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu Emil Hüseynovu vəhşicəsinə öldürən erməni Tiqran Çiçakyan günahını boynuna alıb.

ANS PRESS-in məlumatına görə, polisə ifadə verən cinayətkar qətlin törədilməsində bütün günahı öz üzərinə götürüb. Saxlanılan 5 nəfərdən 4-ü isə sərbəst buraxılıb. Hətta onlardan yaşayış yerləri haqqında məlumat belə götürülməyib. Faktla bağlı cinayət işi açılıb. Polis yalnız həmyerlimizi bıçaqlayan ermənini saxlayaraq istintaqa cəlb edib.

Yerli hüquq mühafizə orqanının bu qərarı Yekaterinburqdakı azərbaycanlıların kəskin reaksiyasına səbəb olub. Onlarla soydaşımız Emil Hüseynovun öldürüldüyü yerdə toplaşaraq mitinq keçiriblər. Azərbaycanlılar aksiyada "Biz, qardaşımızın qisasını alacağıq. Qanı qanla təmizləyirlər" kimi şüarlar səsləndirilib.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov isə məsələ ilə bağlı yerli KİV-ə açıqlama verib və bildirib ki, bu cür hadisənin baş verməsi gözlənilən idi: "Mən bunu hamıdan qabaq görürdüm. 24 aprel qondarma soyqırımdan iki ay əvvəl bütün strukturlara xahişlə müraciət etmişdik. Həmin tarix yaxınlaşdığı üçün təhlükəsizlik tədbirləri görülməsini istəmişdik", - deyə baş konsul bildirib.

Xatırladaq ki, futbolçumuz Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb.

Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Çiçakyan adlı erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə sancıb. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar.

Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Emil Hüseynovu vəhşicəsinə öldürən erməni Tiqran Çiçakyan



Emil Hüseynovun oynadığı komanda