İtaliya ictimaiyyəti Azərbaycan həqiqətlərini öyrəndi

İtaliya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırılıb.
Məmməd Əhmədzadə
Məmməd Əhmədzadə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son günlər cəbhədə işğalçı ölkənin təxribatları nəticəsində yaranmış gərginliklə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən görülən tədbirlər davam etdirilir.

Səfirlikdən verilən məlumata görə, aprelin 21-də Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “SkyTG24” kanalının jurnalisti xanım Monika Peruzziyə müsahibə verib. Müsahibə gün ərzində kanalın xəbərlər proqramında bir neçə dəfə yayımlanıb.

Müsahibədə səfir M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, işğalın doğurduğu ağır nəticələr, işğal edilmiş ərazilərdə həyata keçirilən etnik təmizləmə siyasəti və münaqişənin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat verib. Proqramda təmas xəttindəki yaranmış gərginlik zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və obyektlərinə vurulmuş ziyanı əks etdirən kadrlar nümayiş etdirilib.

Bundan başqa, Ermənistanın İtaliyadakı səfiri Sarkis Qazaryanın bu ölkənin “Libero” qəzetində münaqişə və təmas xəttində son vəziyyətlə bağlı yalan məlumatlara əsaslanan müsahibəsinə cavab olaraq həmin qəzetin 16 aprel tarixli nömrəsində səfir M.Əhmədzadənin “Həqiqi cinayətləri ermənilər törədir” adlı məktubu dərc olunub.

Yazıda M.Əhmədzadə erməni səfirinin yalan məlumatlarını ifşa edərək, münaqişə və təmas xəttindəki son vəziyyətlə bağlı məlumat verib, habelə Azərbaycanın multikulturalizm modeli, bunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, aprelin 25-dən 27-dək Azərbaycanın BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyi barədə oxucuları məlumatlandırıb. Səfir bildirib: “Yaxşı olardı ki, erməni səfir münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklər törətmiş Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA terror təşkilatının üzvlərinin hansı səbəbdən vuruşduğuna, eyni zamanda, Ermənistanın 20 ildən artıq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxladığına, bu ərazilərdən bütün azərbaycanlı əhalini didərgin saldığına aydınlıq gətirsin”.

Səfirliyin eyni mövzuda yaydığı mətbuat açıqlaması İtaliyanın “Il Primato Nazionale” analitik-informasiya portalında da yerləşdirilib.

 

Şərhlər