Bakıda Xocalı abidə kompleksi yenidən qurulub

Ana heykəlinin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulub
Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Xətai rayon İcra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Xətai rayon İcra hakimiyyətinin memarı Vadim Surxayevin ANS PRESS-ə verdiyi məlumata görə, Plana uyğun olaraq, faciə qurbanlarının xatirəsini anma mərasiminin keçiriləcəyi Xocalı parkında görülən abadlıq işləri artıq yekunlaşmaq üzrədir.

Belə ki, Xocalı prospektində 1993-cü ildə inşa qoyulmuş “Vətən harayı” abidə kompleksində yenidənqurma işləri aparılır. Parkda quraşdırılan ana heykəlinin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulub. Kompleksin yerləşdiyi ərazinin döşəməsinə qara və qırmızı qranit döşənib. Faciə zamanı qətlə yetirilənlərin adları lövhənin üzərinə həkk olunub. Abidənin aşağı hissəsində əklil, sağ və sol tərəflərində Azərbaycan və ingilis dillərində faciə haqqında qısa məlumat yerləşdirilib.

Parkın ərazisində çoxsaylı oturacaqlar, xüsusi işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsasən xarici ölkələrdən gətirilən 70 minə yaxın dekorativ ağac və gül kolları əkilib. İrandan 70 növ 70 min gül gətirilib.