19:52 / Prezidentlər birgə bəyanat yaydı
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.
ANS PRESS-in məlumatına görə, bəyanatda münaqişənin həllində dinamik danışıqların aparılması xüsusi vurğulanıb.
Prezidentlərin bəyanatı barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
"Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı uyğunlaşdırdılar. Bəyanatda münaqişənin siyasi yollarl nizama salınması ilə bağlı addımların ön plana çıxarılması diqqətə çatdırılır”.
Onun sözlərinə görə, son günlərdə cəbhə xəttində vəziyyət sakit olaraq qalır.
Həmçinin prezidentlər Qarabağda ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılığa gəliblər.
18:25 / Üçtərəfli görüşü başladı
Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.
ANS PRESS-in məlumatına görə, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.
Görüş Peterburqun Konstantinov Sarayında keçirilir.
17:02 / Putin Azərbaycan prezidenti ilə görüşdü
Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
ANS PRESS-in məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
İlham Əliyev bildirib ki, Qarabağda status-kvo qəbuledilməzdir, erməni qoşunlarını oradan çıxarmaq lazımdır.
"Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin dediyi kimi status-kvo qəbuledilməzdir. Biz bu bəyanatları tam dəstəkləyirik. Artıq 20 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Status-kvonun dəyişməsi üçün Azərbaycan ərazilərinin boşaldılmasına başlamaq lazımdır”.
İ.Əliyev həmçinin bildirib ki, Putinlə söhbətində Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə etmək niyyətindədir. "Ümid edirik ki, son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə konstruktiv dinamika verə biləcəyik”.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın konstruktiv rol oynadığını da qeyd edib. O, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkilinə görə Vladimir Putinə minnətdarlığını bildirib.
15:53 / Putinin Sarkisyanla görüşü başladı
Sankt-Peterburqda Vladimir Putinlə Serj Sarkisyanın görüşü baş tutub. ANS PRESS-in məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkil olunan görüşdə Ermənistan prezidenti Vladimir Putinə bu məsələyə diqqət yetirdiyi üçün təşəkkürünü bildirib.
"Bizim Qarabağla bağlı mövqeyimiz hər kəsə bəllidir. Biz məsələnin sülh yolu ilə həllini istəyirik. Mən Minsk Qrupunun həmsədr ölkəsi kimi sizə bu məsələyə ayırdığınız diqqətə və səylərə görə təşəkkür etmək istəyirəm".
14:53 / İlham Əliyev Sankt-Peterburqda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfərə edib.
Sankt-Peterburqun “Pulkovo-1” hava limanında dövlət başçısını şəhərin qubernatoru Georgi Poltavçenko və digər rəsmi şəxslər qarşılayıblar.
14:29 / Sarkisyan Rusiyada
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın dövlət başçısı İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gedib.
ANS PRESS-in məlumatına görə, artıq onun təyyarəsi Rusiyanın şimal paytaxtına enib.
14:08 / Prezidentlərin görüş yeri
Azərbaycan və Ermənistan prezidentlərinin görüş yeri bəlli olub. ANS PRESS-in məlumatına görə, 4 günlük aprel döyüşlərindən sonra prezidentlərin ikinci görüşü Sankt-Peterburqun Konstantin sarayında baş tutacaq.
Bu haqda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində məlumat verib.
Beautiful #Constantine Palace, site of today's meeting between the Presidents of #Armenia and #Azerbaijan. #NKpeace pic.twitter.com/KGBdrf116D
— James Warlick (@AmbJamesWarlick) 20 июня 2016 г.
4:48 / İlham Əliyev Qarabağa görə Rusiyaya gedir
Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində görüşü olacaq. ANS PRESS-in məlumatına görə, prezidentlərin əvvəlki görüşlərindən fərqli olaraq Sankt-Peterburqda baş tutacaq Qarabağ üzrə zirvə görüşündə ATƏT iştirak etməyəcək.
Əliyev-Putin-Sarkisyan görüşünün Rusiyanın təşəbbüsü ilə keçiriləcəyini deyən ATƏT-in KİV-lə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nataşa Radjakoviç bəyan edib ki, təmsil etdiyi təşkilat Sankt-Peterburq görüşünün təşkilinə cəlb olunmayıb.
“ATƏT Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli sammitin təşkilində iştirak etmir və biz bu məsələni şərh edə bilmərik”, - deyə Radjakoviç bildirib.
Prezidentlərin görüşü barədə ilk məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.
2008-ci ildən bəri Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 20-dən çox görüşü keçirilib.
Sonuncu dəfə Putinin iştirakı ilə İlham Əliyev və Serj Sarkisyan arasında görüş 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilib. Həmin vaxt prezidentlər ərazi bütövlüyünə hörmətlə yanaşaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə dərhal həll edilməsi barədə razılığa gəliblər.
4 günlük Aprel müharibəsi
Aprelin 2-nə keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər başlayıb. Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə hücum edib. Silahlı Qüvvələrimiz əks həmlə ilə düşməni bir neçə kilometr geri oturdaraq strateji yüksəklikləri işğaldan azad edib. 4 günlük müharibə vaxtı Ordumuz 100-ə yaxın şəhid verib, düşmən isə 320-dən çox əsgərini itirib, 500-dən çoxu isə yaralanıb.
Aprelin 5-də Putin İlham Əliyev və Serj Sarkisyana telefonla zəng edib və Qarabağda atəşkəsin bərpa olunmasına nail olub. Putin əmin edib ki, Moskva münaqişənin nizamlanması istiqamətində zəruri bütün addımları atacaq.
Həmçinin oxuyun: Ya məzmunlu danışıqlar, ya da Qarabağda müharibə
Bundan başqa, 5 apreldə Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov və Ermənistan SQ Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında görüş keçirilib. Danışıqlar zamanı qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub.
Həmin gün Azərbaycan və Ermənistan Müdafiə Nazirliyi 11:00-dan etibarən Dağlıq Qarabağda atəşkəsin bərpa olunduğunu bəyan edib.
Daha sonra mayın 16-da Vyanada ABŞ, Rusiya, Fransa xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub.
Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.