Ceyms Uorlik prezidentlərin görüşü barədə yazdı

"Görüş Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində işləməyə şərait yaradacaq".
Ceyms Uorlik - amerikalı həmsədr
Ceyms Uorlik - amerikalı həmsədr

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın dövlət başçısı Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan rəhbəri Serj Sarkisyan arasında baş tutacaq bugünkü görüş barədə yazıb. ANS PRESS-in məlumatına görə, amerikalı həmsədr bu barədə “Twitter” mikrobloqunda öz fikirlərini bölüşüb. 

Ceyms Uorlik qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutacaq bugünkü görüş tərəflər arasında etibarın yaranmasına kömək edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində işləməyə şərait yaradacaq.

Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində görüşü olacaq. Prezidentlərin bundan əvvəlki görüşlərindən fərqli olaraq Sankt-Peterburqda baş tutacaq Qarabağ üzrə zirvə görüşündə ATƏT iştirak etməyəcək.

Ceyms Uorlikin “Twitter” mikrobloqu
Ceyms Uorlikin “Twitter” mikrobloqu

Əliyev-Putin-Sarkisyan görüşünün Rusiyanın təşəbbüsü ilə keçiriləcəyini deyən ATƏT-in KİV-lə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nataşa Radjakoviç bəyan edib ki, təmsil etdiyi təşkilat Sankt-Peterburq görüşünün təşkilinə cəlb olunmayıb.

2008-ci ildən bəri Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 20-dən çox görüşü keçirilib.

Sonuncu dəfə Putinin iştirakı ilə İlham Əliyev və Serj Sarkisyan arasında görüş 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilib. Həmin vaxt prezidentlər ərazi bütövlüyünə hörmətlə yanaşaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə dərhal həll edilməsi barədə razılığa gəliblər.

Əliyev-Sarkisyan arasında son görüş isə aprel döyüşlərindən sonraya təsadüf edib. Prezidentlərin 2+3 formatlı görüşü mayın 16-da Vyanada baş tutmuşdu.