Hərbi çevrilişin planı tapıldı

20 maddəlik planda parlamentin buraxıldığı, siyasi partiyaların fəaliyyətinin sona çatdığı qeyd edilib.
Çevrilişin qarşısını alan türk polisi
Çevrilişin qarşısını alan türk polisi

Türkiyədə iyulun 15-də axşam saatlarında baş verən hərbi çevrilişə cəhdin planı üzə çıxıb. ANS PRESS-in məlumatına görə, araşdırmanı aparan Ankara prokurorluğunun aşkarladığı və "Hərəkat İldırım planı" adlı sənəddə çevrilişdən sonra atılacaq addımlar 20 maddədə izah edilib. 

Planda deyilir: “Bütün valilər işdən çıxarılıb. Ankara, İstanbul, İzmir və Kayseri şəhərlərinə aid vali və böyükşəhər bələdiyyə başçıları Yurtda Sülh Şurası tərəfindən təyin ediləcək. Digər rayon və şəhərlərdə də təyinatlar komandanlar tərəfindən ediləcək". 

Planın 15 iyulda bütün hərbi hissələrə göndərildiyi bəlli olub. "Yurtda Sülh Şurası"nın rəhbəri imzası ilə yayılan plan 3 səhifəlikdir. Onu qələmə alan kimi isə qərargah polkovniki Cemil Turhanın adı qeyd edilib. 

Bu sənəddə, həmçinin parlamentin buraxıldığı, siyasi partiyaların fəaliyyətinin sona çatdığı qeyd edilib. “...Türk Silahlı Qüvvələri Cümhuriyyətin qarşı-qarşıya qaldığı təhlükələri ortadan qaldırmaq, rüşvət və terrorun qarşısını almaq üçün 16 iyul saat 03.00-dən etibarən idarəçiliyi əlinə alır", - deyə planda qeyd edilib. 

"Hərakat İldırım planı"
"Hərakat İldırım planı"

Hərbi çevrilişə cəhd iyulun 15-də axşam saatlarında olub. Lakin prezident Ərdoğanın çağırışından sonra küçəyə minlərlə insan çıxıb. Nəticədə gecə saatlarında qiyamın qarşısı alınıb. 

Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, cəhd zamanı  290 nəfər ölüb, 1400 nəfər  yaralanıb. Onlardan 190-ı mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı, 100 nəfər qiyamçı hərbçilərdir.

Baş verən hadisələrlə bağlı 6 mindən çox insan həbs edilib. Onların arasında yüksək rütbəli hərbçilər də var. 

 

Şərhlər