Ermənistanda 200 nəfər şübhəli həbs edildi

Saxlanılanlar polis idarəsinə hücumla əlaqədə şübhəli bilinirlər.
Erməni polisi şübhəlini həbs edərkən
Erməni polisi şübhəlini həbs edərkən

Ermənistanda kütləvi həbslər başladı. Erebuni rayonunda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb. ANS PRESS-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, onlardan 50-si sonradan sərbəst buraxılıb. 

Məlumata görə, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və  Ermənistan polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

İyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayıb.

Serj Sarkisyan-Ermənistan prezidenti
Serj Sarkisyan-Ermənistan prezidenti

Ermənistan prezidenti Serj Sarkisyan hüquq-mühafizə orqanlarının məsul şəxsləri ilə müşavirə keçirib. “News.am” elektron portalına istinadən verilən məlumata görə, müşavirənin əsas mövzusu 17 iyulda baş vermiş silahlı insident olub.

Müşavirə iştirakçıları 17 iyulda səhər saatlarında İrəvan şəhərində polis məntəqəsinə edilmiş baqının təfərrüatları haqqında prezidentə məruzə ediblər. Onların sözünə görə, vəziyyətə tam nəzarət edilib.

Ermənistanda silahlı qrup polis idarəsinə ötən gün səhər saatlarında hücum edib. Hadisə paytaxt İrəvanın yaxınlığında, Erebuni rayonunda baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib.

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. 

 

Şərhlər