Putin qızlarından danışdı: "Mən onlarla fəxr edirəm!" (CANLI, YENİLƏNİB)

Vladimir Putin ənənəvi böyük mətbuat konfransı keçirir.
"Mənim qızlarım Rusiyada yaşayırlar, rus ali məktəblərində təhsil alıblar və heç vaxt xaricdə uzun müddət yaşamayıblar." Bu haqda Vladimir Putin "RBK"nın jurnalistinin qızları haqda sualını cavablandırarkən danışıb.

O qızları ilə fəxr etdiyini bildirib. "Onlar təhsilini davam etdirirlər və işləyirlər. Qızlarım karyeralarında ilk addımlarını atırlar, onlar 3 dildə sərbəst danışırlar. Mən heç vaxt ailəmlə bağlı sualları müzakirə etmirəm." Putin ailə üzvlərinin biznes və siyasətlə məşğul olmadıqlarını bildirib.

"Mən onların dəqiq harada işlədikləri haqda heç nə deməmişəm və indi də deməyəcəm. Bu, təhlükəsizlik baxımından vacibdir. Ümumiyyətlə, hesab edirəm ki, hər bir insanın şəxsi həyat hüququ var." Putin həmçinin əlavə edib ki, onlar heç vax "ulduz uşaqlar" olmayıblar.

14:44

Putin: "Bu, üzə tüpürmək deməkdir..."

"Saakaşviliyə vəzifə vermək Ukrayna xalqının üzünə tüpürmək deməkdir..."

Bunu Rusiya prezidenti Vladimir Putin gürcüstanlı jurnalistin Rusiya-Gürcüstan münasibətləri haqqında sualına cavabında deyib.

"Gürcüstanla münasibətlərin gərginləşməsinə səbəb biz olmamışıq, ölkənin sabiq rəhbərliyinin qəbul etdiyi qərarlar Gürcüstanın ərazi bütovlüyünün pozulmasına səbəb olub. Bu, onların günahıdır. Gördüyümüz kimi, hazırda Ukraynada fəaliyyət göstərən sabiq Gürcüstan prezidenti (Mixail Saakaşvili) idarəetmə üsullarını dəyişməyib. Hesab edirəm ki, bu, Ukrayna xalqının üzünə tüpürməkdir."



O həmçinin qeyd edib ki, Moskva Tiflis ilə münasibətləri düzəltməyə hazırdır. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısı bildirib ki, ölkəsi Gürcüstan ilə viza rejiminin ləğvinə də hazırdır. Onun sözlərinə görə, Rusiya bu ölkənin hazırki hakimiyyətindən müsbət siqnallar görür və onları qəbul edir.

Putin həmçinin deyib ki, Gürcüstanın ərazi bütövlüyü ölkənin daxili işidir.

Vladimir Putinin ənənəvi mətbuat konfransına 1400 jurnalist akkreditasiyadan keçirilib.





***13:44***

Putin canlı efirdə söyüş söydü

"Təyyarə insidenti "türk hökumətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin" nəticəsi ola bilər." Bunu ənənəvi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib və Ankaranı ABŞ-a yaltaqlanmaqda ittiham edib.

Onun sözlərinə görə, Ankara Rusiyaya heç bir beynəlxalq hüquq çərçivəsinə sığmayan ideyalar təklif edib.

"Rusiya Türkiyə ilə həssas mövzularda əməkdaşlıq etməyə hazır idi. Ankara "Su-24"ü vurmaqla hərbi cinayət işləyib. Sonra isə NATO-nun himayəsində ört-basdır etməyə çalışıb".

Rusiya lideri həmçinin Yaxın Şərqdə böyük miqyaslı neft qaçaqmalçılığının olduğunu da deyib.

Prezident deyib ki, türk xalqı onların tərəfdaşı olub və belə qalacaq. "Hazırki Türkiyə rəhbərliyi ilə danışıqlar praktiki olaraq mümkün deyil".

"Rossiya 1" telekanalının əməkdaşı Sergey Brilyovun Rusiyanın Suriyada hərbi bazasını əməliyyatlardan sonra saxlayıb-saxlamayacağı sualını cavablandıran Putin deyib ki, ölkənin Latakiyada daimi hərbi bazaya ehtiyacı yoxdur. "Orada baza nəyimizə gərəkdir? Əgər kimisə ələ keçirmək lazım olsa bunu edə bilərik".

***13:00***

Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı başlayıb.

ANS PRESS konfransdan canlı görüntüləri oxucularına təqdim edir.



Vladimir Putin konfransa qara və ağ zolaqlar haqda lətifə ilə başlayıb - qara zolaq hələ bitmək bilmir.






Putinin diqqətini cəlb etmək üçün jurnalistlər müxtəlif üsullara əl atırlar.

***12:48***

Bu gün Rusiya prezidenti Vladimir Putin böyük mətbuat konfransı keçirəcək.

ANS PRESS-in məlumatına görə, bu il ənənəvi konfrans 11-ci dəfə keçirilir. Yerli politoloqlar konfransda daha çox sosial mövzuya aid və neftin qiymətinin ucuzlaşması fonunda Rusiya iqtisadiyyatı ilə bağlı sualların veriləcəyini proqnozlaşdırırlar.

Prezidentin sözçüsu Dmitri Peskov isə öz növbəsində əmindir ki, Putinin çıxışının əsas hissəsi beynəlxalq məsələlərə aid olacaq.

Bu il mətbuat konfransına rekord sayda - 1400 jurnalist qeydiyyatdan keçib. Akkreditasiyadan keçənlər arasında türk KİV-nin nümayəndələri də var. Mətbuat konfransını yerli televiziya və radio kanalları canlı yayımlayacaq.


Putinin konfransına hazırlıq




İlk dəfə Vladimir Putin jurnalistlərlə ünsiyyətin bu növünə 2001-ci ildə müraciət edib. O zaman konfransda iştirak edən 400 jurnalist ümumilikdə 22 sual verə bilib.