Türkiyədə saxlanılanların sayı 6 minə çatdı

Ədliyyə naziri: "Hazırda "təmizləmə" əməliyyatları davam edir".
Bəkir Ercan Van - İncirlik Hərbi Bazasının generalı
Bəkir Ercan Van - İncirlik Hərbi Bazasının generalı

Hərbi çevriliş cəhdə görə Türkiyədə daha bir neçə vəzifəli şəxs saxlanılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Adanada tutulan 12 nəfər arasında İncirlik Hərbi Bazasının türk komandiri general Bəkir Ercan Van da var. Ondan başqa 10 hərbçi və 1 polis rəisi də saxlanılıb. 

Həbs edilən digər şəxslər isə bunlardır: Qərargah polkovniki Halil Çəlik, leytenant Qani Çətintaş, leytenant Faruk Savaş, leytenant Mustafa Haşim Boynuəyri, baş leytenant Hasan Şahna, minbaşı Osman Tunahan Berk, pilot, qərargah mayoru Devrim Əyriağaç, pilot, baş leytenant Fatih Ağbulud, Təyyarə təmir stajiyeri baş çavuş Bülənt Toyqar, pilot, baş leytenant Hızır Özyuva və polis rəisi Haluk Pamukçudur. 

Tutulan bütün şəxslərin hərbi rütbələri sökülüb. Onlar dindirildikdən sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Bəkir Ercan Van - həbs edilən general
Bəkir Ercan Van - həbs edilən general

Saat 15:20

Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra həyata keçirilən əməliyyatlar zamanı saxlanılanların sayı 6 minə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib. Onun sözlərinə əməliyyatlar hazırda da davam etdirilir.

"Hazırda "təmizləmə" əməliyyatları davam edir. Saxlananların sayı 6 mini də keçəcək. Bütün bu baş verən çeviriliş cəhdləri ilə bağlı hüquqi proseslər davam etdiriləcək".

Hərbi çevrilişə cəhddən sonra bütün ölkəni əhatə edən əməliyyatlar zamanı minlərlə hakim, prokuror və hərbçi saxlanılıb. Barələrində saxlanılma qərarı olan hakim ve prokuror ər-arvad isə ölkədən qaçarkən hava limanında tutulublar. Təkcə İstanbulda 110 hakim və prokuror haqqında saxlanma qərarı verilib.

Təxminən bir neçə saat əvvəl isə Hatay vilayətində 10 hərbçi, 3 polis və 18 hakim saxlanılaraq istintaqa cəlb ediliblər.

Bəkir Bozdağ - Türkiyənin ədliyyə naziri
Bəkir Bozdağ - Türkiyənin ədliyyə naziri

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. 

Hadisədən sonra Türkiyə ordusunda da böyük həbslər dalğası başlayıb. Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Dənizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb.

 

Şərhlər