14:33 / Türkiyə hərbi helikopteri Yunanıstana enib
Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.
ANS PRESS-in Hürriyetə istinadən verdiyi məlumata görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Məlumata görə, onlar siyasi sığınacaq istəyiblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hadisəyə münasibət bildirərək "8 xain əsgərin" geri istənildiyini vurğulayıb.
Helikopterle Yunanistan'a kaçan 8 hain askerin derhal teslim edilmesini istedik
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) 16 июля 2016 г.
13:06 / 11 zabit saxlanıldı
İstanbulun Atatürk hava limanında çevrilişə cəhd edən 11 zabit, 67 əsgər həbs edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə hava limanının polis idarəsi xəbər yayıb.
Onların ölkəni tərk etmək istədiklərinə dair şübhələr yaranıb.
12:43 / Kazanda atışma olub
Türkiyə hökuməti rəsmi olaraq qiyamın yatırıldığını desə də ölkə mətbuatı hərbçilərin şəhər sakinlərinə atəş açdığını yazır.
ANS PRESS-in haberler.com saytına istinadla verdiyi məlumata görə, əsgərlər Ankaranın Kazan qəsəbəsində şəhər əhalisinə atəş açılıb.
Kazan qəsəbəsinin Bələdiyyə başçısı Lokman Ertürk 6 nəfərin öldüyünü, 55 nəfərin yaralandığını deyib.
11:01 / Ölü sayı artır
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həlak olan insanların sayı açıqlanıb.
ANS PRESS-in CNN Türkə istinadən verdiyi məlumata görə, bütün Türkiyə də gecə ərazində 90 nəfər həyatını itirib.
Məlumata görə, 1154 nəfər isə yaralanıb.
10:37 / Baş Qərargaha yürüş
Ankarada vətəndaşlar Baş Qəragaha yürüş ediblər. ANS PRESS-in Anadolu agentliyinə istinadən məlumatına görə, Fətullahçı terror qruplaşmasının təşkili ilə hərbi çevrilişə cəhdi pisləmək üçün insanlar əllərində bayraq ilə Baş Qərargaha doğru yürüş keçiriblər.
Eyni zamanda Baş Qərargaha hücum zaman həlak olanların görüntüləri yayılıb.
7:21 / Hadisə qurbanlarının sayı getdikcə artmaqdadır.
Qardaş ölkə Türkiyədə ötən axşamdan başlayan hərbi çevriliş cəhdləri gərgin hal alıb. Ankarada ölənlərin sayı açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Ankara Gölbaşı Rayonu Prokurorluğu xəbər yayıb.
Prokurorluğun məlumatında qeyd olunur ki, toqquşmalar nəticəsində 60 nəfər həyatını itirib. Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu da bildirilir.
Bir müddət öncə 42 nəfərin öldüyü açıqlansa da, prokurorluq daha 18 nəfərin həyatını itirdiyini bildirib.
6:42 / Ankarada ölənlərin sayı 42 nəfərə çatdı
Türkiyədə ötən axşamdan başlayan hərbi çevriliş cəhdi nəticəsində Ankarada ölənlərin sayı açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Ankara Gölbaşı rayonu Prokurorluğu xəbər yayıb.
Prokurorluğun məlumatında qeyd olunur ki, toqquşmalar nəticəsində 42 nəfər həyatını itirib.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu da bildirilir.
5:54 / Çevriliş etmək istəyənlər yaxalanır
Binali Yıldırım 120-dən çox çevriliş etməyə cəhd edən hərbçinin tutularaq həbs edildiyini bildirib. ANS PRESS-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, nazir qarşı qüvvələrin cəzalandırılacağını deyib.
4:43 / Baş Qərargahın binasını ələ keçirən hərbçilər öldürüldü
Türkiyə Baş Qərargahının binasını ələ keçirən dövlət çevrilişinə cəhd edən hərbçilər öldürülüb.
ANS PRESS-in məlumatına görə, təhlükəsizlik qüvvələri ilə çevriliş etmək istəyən hərbçilər arasında atışma olub və nəticədə ikinci tərəf zərərsizləşdirilib.
3:48 / Türkiyədə orduya iki saat vaxt verildi
Boğaziçi körpüsünü ələ keçirən hərbçilərə 2 saat vaxt verilib. ANS PRESS-in məlumatına görə, hərbçilər 2 saat ərzində körpünü tərk etməsə, silahlı müdaxilə olunacaq. Bu barədə CNN TÜRK kanalının canlı yayımında məlumat verilib.
"Körpünün girişindəki əsgərlərə vaxt verildi. 2 saat ərzində Boğaziçi körpüsünü boşaltmasalar vurulacaqlar. Bu dəqiqə Ankara və İstanbulda hərəkət var. Ankara və İstanbuldakı hava vasitələri müdaxilə edilmədən təslim olsunlar.
3:09 / Vətəndaşlar hərbçilərə qarşıdır
ANS TV-nin Türkiyə müxbiri İstanbulda küçələrə axışan vətəndaşlardan müsahibə götürüb. Müsahibələrdən də görünür ki, vətəndaşlar hərbçilərə qarşıdır. Onlar bu vətənin bölünməyəcəyini bəyan ediblər.
Maraqlı tərəflərdən biri isə bundan ibarətdir ki, insanlar bayram əhval-ruhiyyəsindədir. Vətəndaşlar "ya Allah, bismillah. Allahu Əkbər" şüarları səsləndiriblər.
02:47 / Xalq Ərdoğanın çağırışına cavab verdi
ANS TV-nin Türkiyə müxbiri xəbər verir ki, Ərdoğanın xalqa müraciətindən sonra xalq küçələrə çıxıb.
Bütün dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Ölkədə Komendant saatı elan olunsa da xalq küçələrə axışıb.
Polis qüvvələri tamamilə dövlətin yanındadır. Hərbçilərin bir hissəsi çevriliş edənlərin tərəfdarıdır.