AZAL azərbaycanlı sərnişinlər üçün İstanbula təyyarə yollayır

"Təyyarə Bakıya gəlmək üçün gözləyən sərnişinləri götürüb geri qayıdacaq".
İstanbuldakı Atatürk Hava limanı
İstanbuldakı Atatürk Hava limanı

"AZAL İstanbulda qalan azərbaycanlı sərnişinlərin sayının çoxluğunu nəzərə alaraq, İstanbulun Atatürk hava limanına əlavə təyyarə yollamağa hazırlaşır”.

Bunu ANS PRESS-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

"Hazırda texniki məsələlər yekunlaşmaq üzrədir. Təyyarə Bakıya gəlmək üçün gözləyən sərnişinləri götürüb geri qayıdacaq".  

Ötən gecə Türkiyədə hərbi çevriliş cəhdi göstərildiyi üçün Bakıdan Ankara və İstanbula yola düşməli olan bütün reyslər ləğv edilib. Reyslər bu gün səhər İstanbula və Ankaraya həyata keçirilməli idi. Qurum rəsmisi deyir ki, reyslərin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil. 

Ötən gecə Türkiyənin İstanbul və Ankara şəhərlərində qoşunlar və zirehli texnika küçələrə çıxarılıb. Hətta İstanbulda yerləşən Atatürk Hava Limanının ələ keçirilməsi cəhdi barədə xəbər də yayılmışdı. İnsidentlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

Ərdoğan deyib ki, o, Türkiyə Respublikasının prezidentidir və xalqa müraciət edərək küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib. O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.