Səfir: "Narkotik qaçaqmalçılığı 40 dəfədən çox artıb"

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin NATO-nu terrorçuluğu və narkotik qaçaqmalçılığını dəstəkləməkdə ittiham edib.
"Regiondan kənarda yerləşən bəzi ölkələr radikal qruplar yaratmaqla regionun təhlükəsizliyini pozmağa çalışırlar. Biz tək radikal qrupları deyil, narkotik qaçaqmalçılığı təhlükəsi ilə də üz-üzəyik. Bunun kökü isə regiondan kənardadır." ANS PRESS-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bu işdə xüsusilə NATO-nu ittiham edib. "NATO 12 il əvvəl narkotik qaçaqmalçılığı və terrorla mübarizə adı ilə Əfqanıstana daxil olub. Lakin onlar nəinki terroru, narkotik qaçaqmalçılığını aradan qaldırdılar, əksinə, biz orada narkotik qaçaqmalçılığının artdığını görürük. Narkotik qaçaqmalçılığı 40 dəfədən çox artıb", - deyən səfir son zamanlar terrorla mübarizədə irəliləyişlərin olduğunu bildirib.


İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin


"Son zamanlar bəzi qərb ölkələri terrorla mübarizə aparır. Məncə, Vyanada razılıq əldə ediləndən sonra onlar terrorla mübarizəni daha da gücləndirəcəklər. Bizim bu sahədə Azərbaycanla çox sıx əməkdaşlığımız var", - deyə Möhsün Pak Ayin bildirib. O həmçinin qeyd edib ki, İran bu təhlükələrə qarşı mübarizə aparmaq istəyən istənilən region ölkəsi ilə əməkdaşlıq etməyə hazırdır.