Moskvanın Suriya məsələsində geri addım atmasının səbəbləri

Rusiyanın Suriyadan qəfil çıxmasının sətiraltı məqamları
Vladimir Putin - Rusiya prezidenti
Vladimir Putin - Rusiya prezidenti

Rusiya Suriya münaqişəsində iştirakı məsələsində geri addım atdı. "Hesab edirəm ki, Müdafiə Nazirliyi qarşısına qoyulmuş tapşırıqları bütovlükdə yerinə yetirib. Buna görə sabahdan etibarən Suriya Ərəb Respublikasından bizim hərbi birləşmələrimizin əsas hissəsinin çıxarılmasına başlamağı əmr edirəm". ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu sözlərlə Rusiyanın Suriyaya müdaxiləsini sona çatdırdı. Beləliklə, 5 illik münaqişənin gedişatını və bununla bağlı geosiyasi durumu dəyişən bu müdaxiləni bitmiş hesab etmək olar.

Putinin gedişini tələdən canını qurtarmaq istəyi kimi qiymətləndirmək olar

Rusiyanın bu qərarı nə qədər gözlənilməz olsa da bir o qədər də məntiqlidir. SİTA-nın Dəməşq bürosunun keçmiş rəhbəri, politoloq Rasim Ağayev ANS PRESS-ə müsahibəsində bu məsələdə Putinin başqa yolunun olmadığını bildirib: “Əgər hər şey Putinin Rusiyanın hərbi gücünü nümayiş etdirdiyi formatda davam etsə idi, bu, “ikinci Əfqanıstana” dönə bilərdi. Qərb buna ümid edirdi, Putin isə bundan qaçırdı. İndi onun gedişini tələdən canını qurtarmaq kimi qiymətləndirmək olar”.

Politoloq həmçinin qeyd edib ki, Rusiyanın bu qərarı Suriya münaqişəsində yeni mərhələyə yol açır.  Bu mərhələdə Suriyanı federallaşma gözləyir və Bəşər Əsədin taleyi də məhz bu zaman həll olunmalıdır: “Əsədin hakimiyyətdə qalması çox çətin məsələdir. Əgər müharibə davam etsə, əlbəttə ki, Rusiyasız o, çətin hakimiyyətdə qala biləcək. Özü də bunu başa düşür”.

Rasim Ağayevin sözlərinə görə, Səddam Hüseyndən fərqli olaraq Bəşər Əsədin gedişi daha yumşaq ola bilər: “Əgər ruslar ona sağ qalmağa kömək edə bilsələr, bu artıq çox yaxşıdır”.

Rusiyanın bu addımını həmçinin Türkiyə ilə Suriyada üz-üzə gəlməkdən çəkinməsi ilə də izah etmək olar. Ankarada baş verən sonuncu terror aktında PKK izinin olması türklərin səbr kasasını daşdıra bilərdi. Terror aktından dərhal sonra Rusiya Federasiyası terroru törədənlər barədə açıqlama yayıb. Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr muavini Frans Klintseviç bildirib ki, Ankaranın mərkəzində terroru təşkil edənlər Türkiyəni Suriyaya hərbi müdaxiləyə məcbur edirlər.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirinin rəsmi nümayəndələri dəfələrlə bildiriblər ki, Rusiya Suriyaya istənilən xarici müdaxiləni “qanunsuz” qiymətləndirir və dərhal adekvat cavab verməyə hazırdır. Eyni  zamanda "Financial Times"ın bu günlərdə yazdığına görə, Rusiya Suriyada Əsədin legitimliyini qorumaqla yanaşı, həmçinin sərhədləri Dəclə çayına çatacaq dövlət yaratmaq istəyən kürdlərə də xüsusi dəstək verib. Bu vəziyyət, əlbəttə ki, Rusiya ilə əlaqələri gərginləşən Türkiyəni qane etmirdi və Rusiya son baş verən hadisələr fonunda münaqişənin daha da dərinləşəcəyini nəzərə almaya bilməzdi.

Yəni Türkiyənin ərazisində terror törədən qüvvələrə qarşı mübarizə aparmaq üçün Suriyaya ordu yeritməsi istisna edilmirdi və burada Rusiya ilə toqquşma baş verə bilərdi. Bu isə Rusiya üçün əlverişsizdir. Peşəkar hərbçi olan polkovnik Frans Klintseviç bu fikri hələ keçən ilin sonlarında, Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması zamanı səsləndirmişdi. O, kiçik ərazidə 600 minlik peşəkar ordu cəmləndirmiş Türkiyəni XX əsrin əvvəlindəki Yaponiyaya bənzətmişdi. Yəni Rusiya ikinci Port-Artur məğlubiyyətini yaşaya bilərdi və Putin bundan qaçdı.  

İndi çox şey Türkiyənin atacağı addımlardan asılıdır. Çünki regionda Türkiyənin Suriya siyasətinə maneə törədən əsas fiqur - Rusiya “oyunu” tərk edir. Bu dəyişiklik Türkiyənin əsas düşməni PKK-nın Suriya qolunu Rusiyanın dəstəyindən mərhum edir.  

 

Şərhlər