"Türkiyə və Rusiya arasında müharibə gözlənilmir"

Rusiyanın Azərbaycandakı səfirinin müsahibəsi
Vladimir Doroxin - Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin - Rusiyanın Azərbaycandakı səfiri

ANS TV-nin efirində Hesabat verilişində Mirşahin Ağayevin qonağı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin olub. Söhbətin əsas mövzusu Rusiyanın və Türkiyənin Suriya siyasəti, Suriyadakı böhran vəziyyəti olub.

Türkiyə və Rusiyanın Suriya məsələsinə yanaşmasında hansı prinsipial fərqlər var? Və iki dövlətin bu məslənin həllində istəklərinin nədən ibarət olduğu ilə bağlı Mirşahin Ağayevin sualını cavablandıran səfir əsas məsələnin təkcə Türkiyə ilə Rusiya arasında deyil, eləcə də Rusiya ilə digər dövlətlər arasında Əsədin taleyi ilə bağlı fikir ayrılığı olduğunu bildirib.

“Antiterror koalisiyasında birləşən dövlətlər hesab edirlər ki, ilk növbədə Əsəd öz vəzifəsindən getməlidir. O zaman hər şey sakitləşəcək, terror olmayacaq və qaçqın problemi öz həllini tapacaq. Sözün düzü, bunun mümkünlüyünə mən şübhə ilə yanaşıram. Nəyə görə Əsədin taleyini Suriya xalqı deyil, digər ölkələr həll etməlidir? Bu, bizim üçün prinsipial məsələdir. O, Suriya xalqının dəstəyindən istifadə edirsə, deməli, prezident kimi qalmalıdır. Dəstəyi itirsə, o zaman prezident kimi qala bilməz”, - deyə səfir bildirib.

Mirşahin Ağayevin iki ölkə arasında müharibənin olub-olmayacağı ilə bağlı sualına səfir "Niyə mənə belə suallar verirsiniz, əlbəttə, müharibə olmayacaq” deyə cavab verib. “Biz bu istiqamətdə əlimizdən gələni edirik. Əsas istiqamətlərdən biri silahlı qüvvələrimizi lazımi vəziyyətdə saxlamaqdır. Biz sülhün tərəfindəyik və bunun üçün əlimizdən gələni edəcəyik”.

Səfirə Qars müqaviləsinin ləğv olunması barədə gəzən söhbətlər haqqında sual ünvanlayan Mirşahin Ağayevin "bu söhbətlərdən narahat olmağa dəyərmi" sualına səfir  Rusiyada təkcə danışıqların deyil, konkret addımların atıldığını diqqətə çatdıraraq bildirib ki, Rusiya dövlət Dumasının deputatları, Kommunist partiyasının deputatları prezidentə, Xarici İşlər Nazirliyinə rəsmi müraciət ünvanlayaraq bu müqaviləyə yenidən baxmaq və ləğv etmək təklifi ilə çıxış ediblər.

“Bu sadəcə məktubdur. Təşəbbüs ölkəmizin daxilində ziddiyyətli reaksiyaya səbəb oldu. Qanuna görə, deputatların məktubu bir ay müddətində cavablandırılacaq”, - deyə səfir əlavə edib.

Hesabat verilinin qonağı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin olub.