Merkelin Yunanıstana qarşı 17 saatlıq mübarizəsi

İtaliya baş naziri”Yunanıstanı bu qədər alçaltmaq lazım deyil”.
Yunanıstan və Avrozona ölkələri nəhayət ki, razılaşma əldə ediblər.

ANS PRESS-in məlumatına görə, 17 saatlıq görüşdən sonra Yunanıstanın xilası üçün 50 milyard avro pul ayrılıb.

Pulun 25 milyardı bankların maliyyələşdirilməsi üçün xərclənəcək. Lakin danışıqların 17 saat davam etməsinin səbəbi də məlum olub.

Yunanıstan baş naziri Aleksis Tsipras önünə qoyulan şərtlər onun seçki kompaniyası dövründə verdiyi bütün vədlərin üstündən xətt çəkirdi. Qarşı çıxdığı islahat paketini məcbur qəbul etdirirdilər. Məcbur edənlərin başında isə Almanıya dayanırdı. Kansler Angela Merkel sözündən dönmək fikrində deyildi.

Almaniya 50 milyard avroluq fond yaradılmasını tələb ediridi. Yunanıstanın isə bunu etməyə gücü yox idi. Çünki Yunanıstanın 17 milyarddan artıq pulu yoxdur. Hətta Angela Merkelin bu şərtlərinə İtaliya baş naziri Matteo Renzi də heyrətini gizlətməyib və deyib: ”Yunanıstanı bu qədər alçaltmaq lazım deyil”.

Bütün etirazlara və Avropa liderlərinin təkidinə baxmayaraq, Angela Merkeli sözündən döndərmək mümkün olmayıb. Tsipras bu şərtləri qəbul etmək məcburiyətində qalıb. Qazancı isə 50 milyard avroluq fonddun Afinada yerləşməsi olub.

Avropa Komissiyasının sədri Can-Klod Yunker isə bildirib ki, Avropa Komissiyası Yunanıstan iqtisadiyyatına 35 milyard avro sərmayə ilə təmin ediləcək. "Yunanıstan avro zonasını tərk etməyəcək", - deyə siyasətçi bildirib.




Yunanıstanın xilas sammiti

Avroqrupun sədri Yerun Deysselblum deyib ki, Yunan aktivlərinin toplanacağı bu fond Yunanıstanda yerləşəcək. Onun sözlərinə görə, Yunanıstan parlamenti çox sürətlə islahatlar haqqında qanun qəbul etməlidir.