Terror Ərdoğanın Bakı səfərini təxirə sala bilmədi

Ölkə başçısının səfəri nəzərdə tutulan tarixdə gərçəkləşdiriləcək.
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 15-də Azərbaycana nəzərdə tutulan rəsmi səfəri təxirə salınmayacaq. ANS PRESS-in Türkiyə bürosunun Ankara kulvarlarında əldə etdiyi məlumata görə, ölkə başçısının səfəri nəzərdə tutulan tarixdə gərçəkləşdiriləcəkdir.

Ötən axşam paytaxt Ankarada çox sayda insanın ölümü ilə nəticələnən terror hadisəsindən sonra ölkə başçısı Ərdoğanın martın 15-də Azərbaycana edəcəyi rəsmi səfərin təxirə salınması gözlənilirdi.  

Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Kızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamikadzenin hərəkət alında olan avtomobillə törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 34 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Türkiyənin səhiyyə naziri 19 nəfərin vəziyətinin ağır olduğunu bildirib. Bu səbəbdən də ölü sayının artacağı istisna olunmur. Həmçinin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib ki, yaralıların əksəriyyəti ambulator müayinədən sonra evə buraxılacaq. 

Teraktın baş verdiyi yer
Teraktın baş verdiyi yer

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Azərbaycana edəcəyi səfər də təxirə salınmışdı. Onun Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı.

Səfərin təxirə salınmasına Türkiyənin paytaxtı Ankarada fevralın 17-də baş vermiş terror hadisəsi səbəb olmuşdu. Terakt zamanı silahlı qüvvələrin Baş qərargahının yüksək rütbəli zabitlərini daşıyan avtobus partladılmışdı. Terror aktı nəticəsində 28 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Terror aktı Ankaranın mərkəzində, Böyük Millət Məclisinin binasının təxminən 1 kilometrliyində baş vermişdi.    

 

Şərhlər