Azərbaycan və Türkiyə prezidentlərinin görüş vaxtı açıqlanıb

İki prezidentin görüşü Türkiyə vaxtı ilə saat 17:00-a təyin edilib.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Prezident İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. ANS PRESS-in Türkiyə prezidentinin saytına istinadla verdiyi məlumata görə, görüş Mabeyn Köşkündə baş tutacaq. İki prezidentin görüşü  Türkiyə vaxtı ilə saat 17:00-a təyin edilib. 

Bu gün prezident İlham Əliyev Türkiyəyə səfərə gedib. İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. 

O, 14-15 aprel  tarixlərində İstanbulda  İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək.  Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin də prezidenti qatılacaq. 

Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri martın 15-də olub. Həmin vaxt Türkiyədə güclü partlayışlar baş verdiyindən Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Bakıya gələ bilməmişdi. İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirilib və Bakıya təyin edilib. Fevral ayının 17-də keçiriləcək toplantıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmalı idi. Lakin Ankarada törədilən terror hadisəsi səfərin təxirə salınması ilə nəticələnib. 

İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncə Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan ikinci terror aktı baş verdi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi. Lakin sonradan Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edildi.  

R.T.Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi açıqlandı. İlham Əliyevin həmin vaxt Türkiyəyə səfər etməsi cəmiyyət tərəfindən xoş qarşılanmışdı.  

Prezident və xanımı İstanbulun Atatürk hava limanında 13.04.2016
Prezident və xanımı İstanbulun Atatürk hava limanında 13.04.2016

Ərdoğan da prezident İlham Əliyevin səfərini yüksək qiymətləndirmişdi. "Biz əslində bu toplantını Bakıda keçirəcəkdik. Amma terrorla əlaqədar bu alınmadı. Sağ olsun, qardaşım İlham Əliyev, dedi, biz gələk, bu toplantını Ankarada edək".

İlham Əliyev isə Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki,  biz bu gün türk xalqının yanındayıq: “Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq".

Səfər zamanı Türkiyə və Azərbaycan arasında 6 sənəd imzalanıb. 

İlham Əliyev və Rəcəb Tayyib ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib ərdoğan