Erməni təxribatlarına qarşı Brüsseldə güclü etiraz

Azərbaycan diasporunun nümayəndələri Qarabağ və 7 ətraf rayonun işğalına etiraz edərək aksiya keçiriblər.
Belçika - aksiya
Belçika - aksiya

Azərbaycan diasporunun 50-dən artıq nümayəndəsi, ölkəmizin dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq aksiya keçiriblər. Sanksiyalaşdırılmış etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin təşkilatçılığı, Azərbaycan-Belçika Dostluğu Cəmiyyətinin və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.

Brüsselin tarixi “Square de Meeus” parkında toplaşan etirazçılar Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb və “Sarkisyan – təxribatçı”, “Mülki vətəndaşları hədəfə almağı dayandırın!”, “BMT qətnamələrinə riayət edin – erməni qoşunlarını çıxarın!”, “Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın!”, “Biz Qarabağıq”, “Biz Xocalıyıq” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyası Ermənistan səfirliyi qarşısında başa çatıb.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Dəmirçi tədbirdə çıxış edərək bildirib ki, bu aksiya Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində görünməmiş səviyyədə zorakılığın baş verməsi, bunun nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki vətəndaşının həlak olmasına etirazdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt bu problemə toxunaraq deyib: “Mən Dağlıq Qarabağda baş verən zorakılıqlarla bağlı hesabatlardan çox narahatam və insanlar həlak olduğuna görə çox məyusam. Bütün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dərhal çıxarılmalıdır”.

Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Federika Moqerini bildirib: “Təmas xətti boyunca ağır döyüşlər barədəki məlumatlar dərin narahatlıq doğurur. Avropa İttifaqı insan itkilərinə, xüsusilə mülki əhalinin tələfatına görə təəssüf hissi keçirir”.

BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi, lakin icra olunmayan qətnamələri yerinə yetirilənə qədər Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bunun vaxtı artıq gəlib çatıb. Bu qətnamələr Ermənistan silahlı qüvvələrindən Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanları olan 1 milyondan artıq qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.

 

Şərhlər