Dilqəm və Şahbazın 1 illik girov həyatı (FOTO)

Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən və girov düşən azərbaycanlılar Şuşa həbsxanasındadır.
Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə girov götürülüməsindən bir il ötür. Ötən ilin bu günü Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.

Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov
qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb.


Ermənilərin güllələyərək qətlə yetirdiyi Həsən Həsənov

Dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

Girovlarla bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib, ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Lakin hələlik bu ərizəyə heç bir cavab gəlməyib.

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Vladimir Doroxinə müraciət ediblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Onların məktublarını ailələrinə çatdırırlar. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur.

Ermənilər girov götürdükləri azərbaycanlıların son fotolarını qondarma məhkəmə prosesi zamanı yaymışdılar. Həmin fotolardan da onlarla münasibətin neçə olduğunu açıq-aşkar görmək mümkündür. Girovlar həddindən artıq arıqlamış formada, səliqəsiz geyimdə olublar.


Dilqəm Azərbaycan torpağı Kəlbəcərdə bayrağımızı dalğalandırır.


İyulda qurd düşən Kəlbəcər qarı.


Girovlar "məhkəməyə" gözübağlı və səliqəsiz geyimdə çıxarılıblar.


Soldan birinci Dilqəm Əsgərov, beşinci Şahbaz Quliyev


Dilqəm Əsgərov "məhkəmədə" sınmadı.