ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

26 fevral Nebraska ştatında “Xocalını Anma Günü” elan edilib.
ABŞ-ın daha bir ştatı Xocalı qətliamını pisləyən qətnamə qəbul edib. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq 26 fevral tarixini bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.

Konsulluğa daxil olmuş bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Qeyd edək ki, bu bəyannamə Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.


Xocalı ilə bağlı qəbul edilən bəyannamə


Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John Gale) tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.