Sabah Vyanada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək

ATƏT-in Minsk qrupu üzvləri münaqişə ilə bağlı gələcək addımlar barədə məlumatlandırılacaqlar.
Ceyms Uorlik - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri
Ceyms Uorlik - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri

Sabah Avstriyanın paytaxtı Vyanada Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. ANS PRESS-in məlumatına görə, bu haqda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində yazı paylaşıb.

Həmsədr qeyd edib ki, müzakirələr zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri qrup üzvlərini münaqişə ilə bağlı görüşlər haqqında məlumatlandıracaqlar.

"Sabah Vyanada həmsədrlər ATƏT-in Minsk qrupunun üzvlərini görüşlər və növbəti addımlar haqqında məlumatlandıracaqlar", - deyə Ceyms Uorlik bildirib.

Ceyms Uorlikin paylaşdığı tvit
Ceyms Uorlikin paylaşdığı tvit

Amerikalı həmsədr iyulun 8-də də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat paylaşaraq qeyd etmişdi ki, ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

"Hər iki tərəf müharibəni rədd edib və danışıqlar prosesinə sadiqliklərini bildiriblər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır”, - deyə amerikalı həmsədr bildirib.