"Putin Azərbaycana əliboş gəlməyəcək"

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri "Hesabat"ın qonağı olub.
Vladimir Doroxin - Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin - Rusiyanın Azərbaycandakı səfiri

Azərbaycanla Ermənistan arasındakı müharibə Rusiya üçün bu problemin əhatəsində ola biləcək ən pis ssenaridir. Dostlarımızın, qardaşlarımızın ölməsinə tamaşa etmək çox ağırdır". ANS TV-nin məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin  "Hesabat" verilişində aprel hadisələrindən danışarkən deyib.

Mir Şahinin suallarını cavablandıran səfir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son zamanlar xüsusi canlanmanın müşahidə olunmasından danışıb.

Onun sözlərinə görə, aprelin əvvəlində baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmadığını və onun həlli istiqamətində daha ciddi addımların atılmasının vacibliyini bir daha göstərdi.  

"Bizim Ermənistanla kökləri dərin olan dostluq münasibətlərimiz var. Biz hərbi-siyası müttəfiqlərik. Rusiya onlara böyük iqtisadi yardım göstərir. Biz bir inteqrasiya qruplaşmasının üzvləriyik. Bu konflikti yalnız maraqların balanslaşdırılması əsasında həll etmək olar. Elə bir kompromisə gəlmək lazımdır ki, tərəflər bir-birinə etibar edə bilsin. Təzyiq yolu ilə deyil, hər iki tərəfin eyni səviyyədə qəbul edə biləcəyi formulanın axtarışı yolu ilə həll metodu üzərində çalışırıq" - deyə Qarabağ münaqişəsinin həlli yollarından danışan Rusiyanın Azəərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib.

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi haqqında gəzən söz-söhbətlərin yalnız jurnalist və politoloqların fantaziyası olduğunu söyləyən səfir bu mövzu ətrafında heç bir müzakirənin aparılmadığını əlavə edib. 

Son illər ölkəmizin Rusiya üçün aparıcı tərəfdaşlarından olduğunu vurğulayan Doroxin Azərbaycanla hərbi-texniki əməkdaşlığa da toxunub.  Səfir bildirib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycana böyük miqdarda silah-sursat satılır və bundan sonra da qüvvədə olan müqavilələr davam edəcək, hətta yeni müqavilələrin də bağlanılması nəzərdə tutulub.

Daha sonra Rusiya prezidenti Vladimir Putinin Azərbaycana nəzərdə tutulan səfərindən danışan Vladimir Doroxin bu cür səfərlərin hər il baş tutduğunu, bu il də müzakirə olunacaq məsələlərin çox olduğunu vurğulayıb.

"Bu il elə məsələlər yığılıb ki, prezidentlər bunu müzakirə etməlidir. Putin heç vaxt əliboş gəlmir. Azərbaycanda da bu görüşə hazırlaşırlar. Nələrin həyata keçirildiyi, nələrin qaldığı təhlil olunacaq. Yeni tapşırıqlar ortaya çıxacaq. Ona görə də bu səfər nümayişkəranə səfər deyil, işgüzar səfər olacaq. Digər görüşlər kimi münasibətlərimizə öz töhfələrini verəcək" - deyə səfir bildirib.

Vladimir Doroxinin "Hesabat"a müsahibəsi
 

Şərhlər