Ermənilər kəndlərimizi atəşə tutdu

MN: Ermənilərin hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar.

Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək. Buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək.

Azərbaycan Müdafiə Nazirliyinindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Qaraqaşlı, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.