Prezident xəbərdarlıq etdi - “Xahiş etdilər, hətta təzyiq göstərdilər ki..."

İmpiçmentə göndərilən Braziliya prezidenti təslim olmayacağını elan etdi.
Dilma Russef - Braziliya prezidenti
Dilma Russef - Braziliya prezidenti

“Məndən xahiş etdilər, məni razı salmaq istədilər, hətta mənə təzyiq göstərdilər ki, könüllü olaraq vəzifəmdən istefa verim. Amma mən bunu heç vaxt etməyəcəyəm, çünki mənə 54 milyon insan səs verib”.

ANS PRESS-in məlumatına görə, bunu bir müddət öncə impiçmentə göndərilən Braziliya prezidenti Dilma Russef deyib. Senat tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırılan Russef istefa verməyəcəyini bəyan edib. 

"Mən təslim olmayacağam. Mənim şərəf və ləyaqətim var". Yerli "Telesur" kanalının məlumatına görə, o, feminist hərəkatının üzvləri ilə San-Pauluda keçirilən görüşündə belə deyib. 

Mayın 12-də Senat Dilma Russefə qarşı impiçment prosedurunun davam etməsini dəstəkləyib. Buna görə də Braziliya Prezidenti müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb, onun səlahiyyətlərini isə vitse-prezident Mişel Temer yerinə yetirir. Senatorlar 180 gün ərzində impiçment təşəbbüskarlarının prezidentlə bağlı ittihamlarını araşdıracaq.

Dilma Russef - Braziliya prezidenti
Dilma Russef - Braziliya prezidenti

Əgər yekun səsvermədə Senatın üzvləri bu ittihamlarla razılaşarlarsa, Dilma Russef istefaya göndəriləcək, Mişel Temer isə 2018-ci ildə keçiriləcək seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək. Senatın üzvləri ittihamlarla razılaşmayacaqları təqdirdə isə Dilma Russef vəzifə səlahiyyətlərini yerinə yetirməyə başlayacaq.

Yekun qərarın avqustun sonunda veriləcəyi gözlənilir.

 

Şərhlər