NATO sammittində Qarabağ müzakirəsi

Dövlət katibi münaqişə haqqında Azərbaycan və Ermənistan prezidentləri ilə söhbət edib.
Ilham Əliyev, Con Kerri və Serj Sarkisyan (arxiv)
Ilham Əliyev, Con Kerri və Serj Sarkisyan (arxiv)

 ABŞ Dövlət katibi Con Kerri Qarabağ münaqişəsini NATO sammitində müzakirəyə çıxarıb. Dövlət rəsmisi Qarabağ münaqişəsi barədə Azərbaycan və Ermənistan dövlət başçıları ilə söhbət edib.

ANS PRESS-in məlumatına görə, bu haqda departamentin təmsilçisi Con Kirbi Vaşinqton şəhərindəki brifinqdə rəsmi açıqlama verib. Kirbinin sözlərinə görə, dövlət katibi bir daha Vyana və Sankt-Peterburq danışıqlarında əldə edilən razılıqlara əməl olunmasının vacibliyini xatırladıb. Con Kerri ABŞ tərəfinin münaqişənin dinc yolla həll edilməsində maraqlı olduğunu deyib.

NATO sammitinin iştirakçılarının birgə fotosu
NATO sammitinin iştirakçılarının birgə fotosu

Bu gün Polşanın paytaxtı Varşavada Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, 17 dövlət başçısının iştirak edəcəyi NATO sammiti başlayır.

ANS PRESS-in məlumatına görə, sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

Sammitdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o yazıb.

 

Şərhlər