İlham Əliyev NATO şərəfinə verilən naharda iştirak edib

Azərbaycan prezidenti Polşanın dövlət başçısı ilə də görüşüb.
İlham Əliyev və Andjey Duda
İlham Əliyev və Andjey Duda

NATO sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Varşavada Polşanın dövlət başçısı Andjey Duda ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə olunub.

Bundan öncə dövlət başçısı Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, ABŞ-ın dövlət katibi Con Kerri və ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşik ilə də görüşüb.

Saat 03:18

Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo tərəfindən NATO Sammiti iştirakçılarının şərəfinə nahar verilib. ANS PRESS-in məlumatına görə, baş nazir xanım Beata Şidlo naharda iştirak edən qonaqları qarşılayıb.

Sonra birgə foto çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və NATO-nun rəsmiləri naharda iştirak ediblər.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Varşavada NATO sammitinin açılışında
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Varşavada NATO sammitinin açılışında

NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər.

NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamlayıblar.

Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

 

Şərhlər