"Qarabağda qan tökülməkdənsə..."

Rusiyanın baş naziri deyib ki, əsas məsələ danışıqlar masası arxasına oturmaqdır.
Dmitri Medvedev - Rusiyanın baş naziri
Dmitri Medvedev - Rusiyanın baş naziri

“Əgər məndən soruşsanız ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, başqa sözlə, onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi arasında seçim edim, mən birincini seçərdim. Yəni yaxşısı budur, indiki vəziyyət qalsın, nəinki qan tökülsün”.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya səfərindən sonra Rusiya mətbuatına müsahibə verərkən deyib. Baş nazir deyib ki, münaqişənin istənilən həll yolu kimisə qane edəcək, kimi isə yox.

"Müharibə əsgərlərlə yanaşı, çoxlu dinc sakinin də ölümü deməkdir"

Onun sözlərinə görə, Rusiya yalnız sülh tərəfdarı olduğu üçün ölkə başçısı Vladimir Putin İlham ƏliyevSerj Sarkisyana zəng edərək öz mövqeyini bildirib. Rusiyanın mövqeyi isə belədir ki, heç bir halda vəziyyətin gərginləşməsinə imkan vermək olmaz.

"İndi əsas məsələ sakitləşmək, atəşi dayandırmaq və danışıqlar masası arxasına oturmaqdır. Çünki müharibə əsgərlərlə yanaşı, çoxlu dinc sakinlərin ölümü deməkdir", - deyə baş nazir bildirib. 

O, atəşkəsin konkret hərbi aspektlərini müzakirə etmək üçün tərəflərin baş qərargah nümayəndələrinin Moskvaya gəldiyini də xatırladıb. Medvedev deyib ki, onsuz da diplomatik məsələlər üçün Ermənistana səfəri nəzərdə tutulurdu. "Təmas xəttində gərginlik yaşandığı üçün mən səfərin indi məqsədəuyğun olduğunu hesab etdim İrəvana, Bakıya gedərək vəziyyəti ölkə başçıları ilə yerində müzakirə etdim. Hazırda məndə gərginliyin hansı səbəbdən yarandığı haqqında informasiya var və əsas məsələ odur ki, mən bundan sonra hadisələrin necə inkişaf edəcəyini və hansı addımların atılacağını təxmin edirəm", - deyə Medvedev qeyd edib.

Dmitri Medvedev müsahibə verərkən
Dmitri Medvedev müsahibə verərkən

Ötən gün Bakıda olan rus nazir jurnalistin "Azərbaycan və Ermənistana silah satışı davam edəcəkmi?" sualına da cavab verib. Medvedev qeyd edib ki, Rusiya hər iki ölkə ilə əməkdaşlıq əlaqələrinə malikdir. 

Baş nazir eyni zamanda hər iki tərəf ilə xoş münasibətdə olduqlarını da vurğulayıb. Onun sözlərinə görə, Rusiyanı həm Ermənistan, həm də Azərbaycanla çoxəsrlik münasibətlər bağlayır: "Burada hər şey aydındır. Həm Ermənistan, həm də Azərbaycanla bizi çoxəsrlik münasibətlər bağlayır. Bizim müəyyən dövrlərdə xüsusi tarixi əlaqələrimiz olub. Bizdə tərəfdaşlıq münasibətləri var.  Biz yanaşı yaşayırıq və istər Ermənistan, istərsə də Azərbaycan tərəfdən çoxlu vətəndaş Rusiyada işləyir. Siyasi və hərbi məsələlərdə də Rusiya hər iki ölkəyə eyni gözlə baxır". 

Baş nazir eyni zamanda vurğulayıb ki, bütün ölkələr və təşkilatlar vəziyyəti dəyişməkdə və məsələnin həlli yolunda iştirak etməkdə maraqlıdırlar. 

Azərbaycan və Ermənistan
Azərbaycan və Ermənistan

Rusiyanın baş naziri Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar aprelin 7-də İrəvana, 8-də isə Bakıya səfər edib. O, Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüb, danışıqlar aparıb. 

Baş nazirin adıçəkilən ölkələrə səfəri aprelin 2-dən 5-dək təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar olub.  

Belə ki, aprelin 2-də Ermənistan silahlı qüvvələri atəşkəsi pozub və nəticədə cəbhə xəttində vəziyyət gərginləşib. 4 gün davam edən döyüş aprelin 5-də saat 12:00-da atəşkəsin elan olunması ilə dayandırılıb.

Atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan tərəfi Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir.